İslam Dünyasında Uşaqlar və Urbanizasiya Problemləri” adlı IV konfransı öz işinə başlayıb.
Bu gün Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatına (İSESCO) üzv ölkələrin uşaq məsələləri üzrə məsul nazirlərin "İslam Dünyasında Uşaqlar və Urbanizasiya Problemləri" adlı IV konfransı öz işinə başlayıb. SİA-nın məlumatına görə, konfransda 10 beynəlxalq təşkilat və 51 ölkə iştirak edir.
Çıxışlardan əvvəl qonaqları salamlayan Baş nazirin müavini Əli Əhmədov bildirib ki, sevindirici haldır ki, İSESCO ilə Azərbaycan arasında çox fəal əməkdaşlıq mövcuddur və ölkəmizdə bu təşkilatın çox maraqlı layihələri həyata keçirilir: "Güman edirəm ki, bu layihəni də bu qəbilən olan tədbirlər sırasına daxil etmək olar. Xüsusilə ölkənin birinci xanımı Mehriban Əliyevanın İSESCO-nun fəaliyyətində yaxından iştirak etməsi də bu təşkilata dinamizm gətirib. Ölkəmizin bu təşkilatla əməkdaşlığının yüksək pilləyə çatmasında bilavasitə kömək göstərib. Həqiqəti ifadə edərək demək olar ki, İSESCO Azərbaycanda ən populyar, insanlar tərəfindən tanınan və hörmət bəslənilən beynəlxalq təşkilatlardan biridir".
Daha sonra Ə.Əhmədov konfrans iştirakçılarına Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təbrik məktubunu ünvanlayıb. Məktubda bildirilir:
"Hörmətli konfrans iştirakçıları!
Sizin hamınızı səmimi qəlbdən salamlayır, hər birnizə uzun ömür, can sağlığı və konfransın işinə uğurlar arzulayıram. Ümidvaram ki, Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilən bu konfrans İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatına üzv ölkələr arasında qarşılıqlı faydalı münasibətlərin dərinləşməsinə, səmərəli əməkdaşlığın güclənməsinə öz müsbət təsirini göstərəcək və islam dünyasında uşaqlar və urbanizasiya problemlərinin həllinə layiqli töhvəsini verəcək. Qloballaşma dövründə böyük sosial vüsət alan urbanizasiya hər bir ölkədə yaranmış çox saylı problemlərin həllini tələb edir. Azərbaycanda regionların inkişafı ilə əlaqədar reallaşan dövlət proqramlarında şəhərlərin infrastukturu, ekoloji mühiti və müvafiq sosial təchizatları əhalinin bütün təbəqələrinin, o cümlədən uşaqların ehtiyaclarını nəzərə almaqla qurulur. Bu sahədə görülən işlər şübhəsiz ki, gələcəkdə də davam etdiriləcək. Azərbaycan Respublikasında aparılan dövlət siyasəti nəticəsində uşaq hüquqlarının bütün sahələrinin, o cümlədən urbanizasiyadan irəli gələn problemlərin həlli üçün əlverişli mühit formalaşdırılmış və bu istiqamətdə konkret proqramlar, layihələr həyata keçirilir. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında islam ölkələrinin tutduğu mövqe və Azərbaycanın ərazi bütövlüyünün qorunmasına dair qəbul etdiyi müvafiq qərarlar ölkəmizdə yüksək qiymətləndirilir. Bu münaqişə nəticəsində doğma yurdlarından məhrum olub, qaçqın və məcburi köşkün həyatı yaşamaq məcburiyyətində qalmış bir milyon soydaşıımızın əsas hüquqlarının bərpası həm də onların uşaqlarının hüquqlarının təmin olunması deməkdir. Sözsüz ki, bu sahədə birgə səylərimiz son nəticədə öz bəhrəsini verəcək. Dayanıqlı inkişafın strategiyası uşaq hüquqları və uurbanizasiya məsələlərinin həlli üçün müxtəlif beynəlxalq qurumların, o cümlədən İSESCO-nun fəaliyyətinin daha da gücləndirilməsini tələb edir. Əminəm ki, konfrans bütün bu məsələlərə diqqət yetirəcək, geniş müzakirələr aparacaq və onların həllinə yönəlmiş məqsədyönlü tədbirlərin həyata keçirilməsi yolunda mühüm addımlar atacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB