Bu gün Azərbaycan dünyada idman ölkəsi kimi tanınmaqdadır. İdmançılarımız beynəlxalq yarışlarda ölkəmizi təmsil etməklə bərabər, bayrağımızı dalğalandırır, himnimizi səsləndirirlər. Onlar çalışırlar ki, vətənimizi layiqincə təmsil etsinlər. Belə idmançılardan biri, həmsöhbətim əməkdar məşqçi, 7-ci dan qara kəmər ustası, 4 qat dünya və Avropa çempionu Tale Fikrət oğlu Əkbərovdur.
- Tale, sizi beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil edən bacarıqlı idmançı kimi tanıyırıq. İstərdim ki, oxucularımız üçün özünüz barədə geniş məlumat verəsiz.
- Mən 1981-ci il, iyunun 26-da Bakıda dünyaya gəlmişəm. Ailədə 4 övlaq olmuşuq. İdmana uşaqlıqdan böyük marağım olub. Döyüş növləri həmişə məni cəlb edib. Heç vaxt özümü idmansız təsəvvür etməmişəm. 1998-ci ildən idmanla məşğulam. İdmana gəlməyimin əsas səbəbi böyük qardaşım Vərağa olub. O, istəyirdi ki, mən gələcəkdə yaxşı idmançı olum.
- Bəs, ailədə ən böyük dəstəyi kimdən almısız?
- Ailədə mənə ən böyük dəstəyi hər zaman atam Hacı Fikrət verib. Mən yarışlarda qalib gələndə atam böyük qürur hissi keçirirdi. Bəzi ailələrdə valideyinlər övladlarının idmanla məşğul olmasını istəmirlər. Bizim evdə isə idmana, idmançıya hər zaman böyük hörmət olub. Bunun üçün hər zaman valideyinlərimə minnətdaram. İndi də beynəlxalq yarışlara atamın xeyir-duası ilə yollanıram. Qohumlarım, dostlarım hava limanında bizi yola salır, qayıdanda böyük həvəslə qarşılayırlar. Özüm də bir valideyin kimi övladımın idmanla məşğul olmasına sevinirəm. Oğlum Hüseyn də idmanla məşğul olur. Onun 8 yaşı var.
- Övladınızın da gələcəkdə sizin kimi peşəkar idmançı olmağını istəyərdiz?
- Mən istəyərdim ki, övladım hansı sahədə özünü tapsa, o sənətlə də məşğul olsun. Lakin, yaxşı idmançı olmasını da istəyərdim. Çünki idmançılar sağlam bədənlə bərabər, sağlam ruha da sahib olurlar. İdmançı olmaq, bu adı daşımaq şərəflidir. Yaxşı bilirik ki, bu peşə insandan böyük məsuliyyət, əmək tələb edir. Beynəlxalq arenalarda uğurlar əldə etdikdə, bayrağımızı dalğalandırdıqda çəkdiyimiz əziyyətlər yadımızdan çıxır.
- 2011-ci ildən Karete-do Federasiyasının vitse-prezidentisiz. Federasiyanın fəaliyyəti, idmançıların idmana olan marağı sizi qane edirmi?
- İki ildən çoxdur ki, Karete-do Federasiyasının vitse-prezidentiyəm. Federasiyamızda onlarla klub fəaliyyət göstərir. Burada təcrübəli məşqçilər gənclərə karetenin sirlərini öyrədirlər. Uşaqların bu idman növünə olan marağı çoxdur. Sevindirici haldır ki, federasiyamızın idmançıları dünya, Avropa çempionatlarında layiqli yerlər tuturlar. Nailiyyətlərimiz ildən-ilə artmaqdadır.
- Yeri gəlmişkən, bu il əməkdar məşqçi adına layiq görülmüsüz.
- Əməkdar məşqçi olmaq arzum idi. Hər bir insan çəkdiyi zəhmətin qiymətləndirildiyini görəndə qürur hissi keçirir. Bu da öz növbəsində daha böyük nailiyyətlər qazanmağa gətirib çıxardır.Ölkə rəhbərliyi tərəfindən idmana, idmançılara böyük diqqət və qayğı göstərilir. Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev idmançılara hər zaman böyük diqqət göstərir. Bu diqqət və qayğı hər bir idmançıya böyük ruh verir. Gənclər və idman naziri Azad Rəhimov, nazir müavini İsmayıl İsmayılov bu inkişaf üçün böyük səylə çalışırlar. Ölkəmizdə idmanın sürətlə inkişaf etməsi hər birimizi ürəkdən sevindirir.Azərbaycanımızı beynəlxalq arenalarda layiqincə təmsil etmək, idmana xidmət göstərmək biz idmançıların başlıca vəzifəsidir. Onu da deyim ki, idmançılara cəmiyyətimizdə böyük hörmət, məhəbbət var. Elə insanlar var ki, onlar idmançılarımıza böyük rəğbət bəsləyir, onlara xüsusi diqqət göstərirlər. Belə insanlarla qarşılaşanda fərəhlənirəm.
"İdmançılara göstərilən dövlət qayğısı onları qələbəyə səsləyir "
- Yeri gəlmişkən, ətrafınızda peşənizə hörmətlə yanaşan və qayğısını gördüyünüz insanlar varmı?
- Əlbəttə var. Belə insanların qəlbi Vətənimizə, bayrağımıza duyduqları sevgi ilə doludur. Onlar dövlətçiliyimizə sadiq, sədaqətli insanlardır. Sevinirəm ki, taleyimdə belə insanların da izi var. Onlardan Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov, Salyan Rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimov, iş adamı Məmmədmirzə Hüseynov kimi qeyrətli, idmansevər insanların adını çəkmək istəyərdim. İdmançılara göstərilən qayğı və diqqət idmanın inkişafına edilən xidmətdir. Beynəlxalq arenalarda Azərbaycanımızın himni səslənir, bayrağımız dalğalanırsa, bu, bizim ən böyük qazancımızdır. Bizə dəstək olan insanların göstərdikləri qayğı onların ölkəmizə olan sevgisindən irəli gəlir. Vətənpərvərlik hissləri bu insanların ruhunda, qanında var. İdmançılara göstərilən dövlət qayğısı onları qələbəyə səsləyir.
- Tale, dəfələrlə dünya və Avropa çempionu adına layiq görülmüsüz.Yəqin ki, yarışlarda yaddaqalan anlar çox olur.
- Əlbəttə, beynəlxalq yarışlarda iştirak etmək olduqca maraqlıdır. Belə yarışlar öz rəngarəngliyi ilə yadda qalır. Getdiyimiz ölkələrin tarixi, mədəniyyəti marağımızı çəkir. Lakin əcnəbi ölkələr nə qədər maraqlı olursa-olsun, öz vətənimizin yerini heç nə vermir. Biz olduqca qonaqpərvər və istiqanlı xalqıq.
"Yaxşı dostları həyatımın qazancı hesab edirəm"
- Turnirlərdə kerete-do federasiyasının komandası da çıxış edir. Yəqin ki, onlar arasında beynəlxalq yarışlarda fərqlənənlər az deyil.
- Komandamızda bacarıqlı idmançılar çoxdur.Onlardan Avropa çempionu, beynəlxalq yarışların mükafatçısı Malik Abbasov, Röya Səfərov, Nurlan Quliyevin adını çəkmək istəyirəm. Bu idmançılar olduqca təcrübəlidirlər. Komandamızın üzvləri yarışlarda güclü rəqiblərlə üz-üzə gəlirlər. Lakin onların fiziki hazırlığı rəqiblərinə üstün gəlməyə imkan verir. Qeyd edim ki, karete-do idman növünün inkişafında federasiyamızın prezidenti Nurəddin Quliyevin də zəhməti az deyil. O, perspektivli idmançılara hər zaman dəstək olur, onlara ata qayğısı ilə yanaşır.
- Tale, əcnəbi ölkələrdə ən çox marağını çəkən cəhət nə olur?
- Mən gəzib-dolaşmağı sevən insanam. Ən çox tarixi abidələr diqqətimi çəkir. Bununla bərabər təbiətdən də böyük zövq alıram.Yarışdan sonra qalan zamanımı getdiyim ölkənin görməli yerlərini gəzməklə, tarixi məkanları görməklə keçirirəm. Hər ölkənin özünəməxsus mədəniyyəti, kulinariyası, tarixi var. Bunlar çox maraqlıdır.
- Demək olarmı gəzmək ən böyük hobbinizdir ?
- Ən böyük hobbim məşq etməkdir. Bundan başqa dostlarımla vaxt keçirməyi də sevirəm. Sevinirəm ki, qarşıma yaxşı insanlar çıxıb. Yaxşı dostları həyatımın qazancı hesab edirəm. Onu da deyim ki, insanlarda səmimiyyəti, dürüstlüyü qiymətləndirirəm.Gülərüz, yüksək auraya malik olan insanların ətrafımda olması mənə zövq verir.
Jalə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB