Məlum olduğu kimi, Azərbaycan Respublikasının İnsan Hüquqları Müvəkkili Elmira Süleymanovanın təşəbbüsü ilə 20 oktyabr – 20 noyabr tarixlərində respublikamızda "Uşaq hüquqları" aylığı keçirilir. "Hər bir uşağın qayğısına qalaq!" devizi ilə keçirilən bu aylıq çərçivəsində ölkəmizin şəhər və rayonlarında təsisatın, o cümlədən Ombudsmanın regional mərkəzlərinin əməkdaşları tərəfindən uşaq hüquqlarının effektiv təmininə və təbliğinə yönələn maarifləndirmə tədbirləri, dəyirmi masalar, treninq-seminarlar, orta ümumtəhsil məktəblərində, uşaq müəssisələrində müsabiqələr, sərgilər təşkil olunur.
Aylığın məqsədi uşaqlara diqqətin artırılması və uşaq hüquqlarının həyata keçirilməsi vəziyyətinin daha da yaxşılaşdırılmasıdır.
Aparatın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, müvəkkilə ünvanlanan ilk arayışlar göstərir ki, respublikamızın hər bir şəhər və rayonunda bu istiqamətdə fəallıq, canlanma müşahidə olunur, aylıq çərçivəsində mühüm tədbirlər həyata keçirilir.
Ombudsmanın Cəlilabad Regional Mərkəzinin əməkdaşları Lənkəran şəhər Uşaq Yaradıcılıq Mərkəzində, rayonun Girdəni kənd tam orta məktəbində, Cəlilabad şəhər 1 və 2 saylı orta məktəblərində silsilə tədbirlər təşkil ediblər.
Regional Mərkəzin rəhbəri Z.İsmayılov çıxış edərək, bu günlərdə ölkəmizdə əlamətdar bayramların--Dövlət Bayrağı Gününün və Konstitusiya Gününün qeyd olunacağını vurğulyıb. O, əsas Qanunumuzda nəzərdə tutulan insan hüquqları, bu sahədə olan beynəlxalq sənədlər və müdafiə mexanizmləri, o cümlədən "Uşaq Hüquqları Konvensiyası" və "Uşaq Hüquqları haqqında Azərbaycan Respublikasının Qanunu" barədə iştirakçılara ətraflı məlumat verib.
Ombudsman təsisatının uşaq hüquqlarının müdafiəsi və təmini istiqamətində gördüyü işlər və həyata keçirilən tədbirlər nəzərə çatdırılıb, həmçinin Müvəkkilin təşəbbüsü ilə uşaq hüquqları üzrə pilləli tədrisin uğurla gerçəkləşdirildiyi qeyd olunub, şagirdlərə və müəllimlərə bu barədə ətraflı məlumat verilib. Ombudsman Aparatında Uşaq hüquqları üzrə qaynar xəttin fəaliyyət göstərdiyi, bütün rayonların polis şöbələrində bununla bağlı elanların vurulduğu bildirilib.
Keçirilən tədbirlərdə BMT-nin İnsan Hüquqları Ümumi Bəyannaməsi, Uşaq Hüquqları Bəyannaməsi, Uşaq Hüquqları Konvensiyası, "Uşaq hüquqları haqqında" Azərbaycan Respublikasının Qanunu, uşaq hüquqları sahəsində ölkəmizin qoşulduğu beynəlxalq sənədlər barədə geniş məlumat verilib.
Tədbirdə iştirak edən şagirdlərə 10 dekabr – Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə Ombudsmanın ənənəvi olaraq keçirdiyi "Mən və hüquqlarım" mövzusunda uşaq rəsmləri müsabiqəsində fəal iştirak etmək tövsiyə edilib.
Regional Mərkəzin rəhbəri Z.İsmayılov "Uşaq hüquqları" aylığı ilə bağlı Cənub Regional Televiziyasında (CTV) yayımlanan "Üz-üzə" verilişində "Uşaq hüquqlarının müdafiəsində Ombudsmanın fəaliyyəti" mövzusunda çıxış edib.
Qeyd olunmalıdır ki, Müvəkkilin Gəncə, Şəki və Quba Regional Mərkəzlərində də bu aylıq çərçivəsində tədbirlər davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB