Qədim tarixi köklərə malik Azərbaycan-Türkiyə strateji tərəfdaşlıq və əməkdaşlıq münasibətlərində hüquqi sahədə əlaqələr xüsusi yer tutur.
Ədliyyə Nazirliyi Mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, 2001-ci ildə Ulu Öndərimiz Heydər Əliyevin Türkiyəyə rəsmi səfəri zamanı iki ölkənin Ədliyyə Nazirlikləri arasında əməkdaşlıq haqqında Protokol imzalanaraq hüquqi sahədə əlaqələrimizin genişlənməsinə təkan verilmiş, zəngin müqavilə-hüquq bazasına söykənən bu əlaqər son illər dinamik inkişaf edib, Ədliyyə nazirlikləri arasında imzalanmış Əməkdaşlıq Proqramının implementasiyası çərçivəsində birgə tədbirlər keçirilib, qarşılıqlı fəaliyyət daha da intensivləşmişdi.
Mətbuatda xəbər verildiyi kimi, Türkiyə Respublikası Ədliyyə Nazirliyinin Cəza və Həbs Evləri Baş İdarəsinin rəisi Enis Yavuz Yıldırımın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdədi.
Səfər zamanı qonaqlar Penitensiar xidmətdə olmuş, bu sahədə aparılan islahatlara böyük maraq göstərərək bir neçə penitensiar müəssisələrə, o cümlədən müasir tipli Bakı istintaq təcridxanasına baş çəkmiş, yaradılmış şəraitlə tanış olub. Həmçinin nümayəndə heyəti Ali Məhkəmədə olmuş, məhkəmə binasının bir çox ölkələrdə olmayan öz funksionallığı və müasir görkəmi ilə fərqləndiyini heyranlıqla vurğulanıb. Azərbaycanın brendi sayılan "ASAN xidmət" mərkəzində insanlara yüksək xidmət və diqqət göstərilməsindən qonaqlar məmnun qalıb.
Noyabrın 8-də ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov Türkiyə Ədliyyə Nazirliyinin nümayəndə heyəti ilə görüşub.
Ölkələrimiz arasında dostluq və tərəfdaşlıq münasibətlərinin, o cümlədən hüquqi əlaqələrin inkişafından məmnunluğunu ifadə edən nazir dövlətlərimizin rəhbərlərinin qarşılıqlı səfərlərinin bu əlaqələrin möhkəmlənməsində xüsusi rolunu qeyd etmiş, həm ikitərəfli səviyyədə, həm də beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətin səmərəliliyini, habelə Ədliyyə akademiyaları arasında uğurlu əməkdaşlığı vurğulayıb.
Nazir ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ədliyyə sisteminin inkişafı üzrə aparılan islahatlar çərçivəsində penitensiar sahədə görülən işləri, o cümlədən səmərəli ictimai nəzarət mexanizminin tətbiqini, infrasturkturun müasirləşdirilməsini qeyd etmiş, islahatlar zamanı bir sıra xarici ölkələrin, o cümlədən Türkiyənin təcrübəsinin nəzərə alındığını bildirmişdir. Məhkumlara keyfiyyətli tibbi xidmətin göstərilməsi və bu sahədə müsbət təcrübəmizin beynəlxalq mükafata layiq bilinərək dünyada geniş yayılması xüsusi vurğulanıb.
Azərbaycana ilk səfər zamanı özlərini doğma Vətənindəki kimi hiss etdiklərini vurğulayan qonaqlar ölkəmizin dinamik inkişafının şahidi olduqlarını qeyd etmiş, ədliyyə orqanları arasında əməkdaşlığın daha da dərinləşdirilməsinə böyük önəm verdikləri söylənib.
E.Yıldırım son on ildə ölkəsində cəza-icra sisteminin inkişafı, xidməti personalın tədrisi, müasir penitensiar infrastrukturun yaradılması üzrə görülən işlərdən danışaraq qarşılıqlı fəaliyyətə dair birgə səylərin artırılmasının və təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanıb.
Ölkəmizdə məhkəmə sisteminin islahatı, hakimlərin Avropada örnək kimi dəyərləndirilən şəffaf seçimi barədə məlumat qonaqlar tərəfindən maraqla qarşılanıb, hakimlərin tədrisi məsələlərinə toxunularaq hakimliyə namizədlərin qardaş ölkədə tədris səfəri və məhkəmə orqanlarında staj keçməsi, habelə yüksək ixtisaslı türkiyəli mütəxəssislərin Azərbaycanda tədris kurslarında iştirakı qeyd olunub.
Görüşdən əməkdaşlığın daha da dərinləşdiriləcəyinə əminlik ifadə olunub, korrupsiya ilə mübarizə, müasir İKT və elektron xidmətlərin tətbiqi və s. üzrə faydalı fikir mübadiləsi aparılıb.
Qonaqlar nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olub.
Elə həmin gün Türkiyənin nümayəndə heyəti Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin yeni müasir binasına baş çəkmiş, yaradılmış yüksək şəraiti, İKT-lərin geniş tətbiqini təqdir edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB