Son zamanlar bir sıra mətbuat orqanlarında Azərbaycanın istehsalı olan məhsulların keyfiyyəti və tərkibi haqqında həqiqəti əks etdirməyən məqalələr dərc olunmaqdadır. Bunların sırasında ət və ət məhsullarının tərkibi haqqında haqsız və əsassız şübhələr yaradan materialları da göstərmək olar. Misal üçün "Bizim yol" qəzetinin 05.11.2013-cü il tarixli nömrəsində "Kolbasa adı altında hər şey satılır" başlıqlı məqaləni göstərmək olar.
Azərbaycan Ət və Ət Məhsulları İstehsalçılarının İctimai Birliyinin sədri Fuad Qulubəyovun SİA-ya verdiyi məlumata görə, adıçəkilən bu və ya digər məqalələrdə ət məhsullarının, konkret olaraq kolbasa məmulatlarının satış qiyməti ilə ətin real qiyməti arasında müqayisələr aparılır, heç bir savada söykənmədən və texnologiyadan bixəbər səthi izahlar verilir, hətta bir az da "qabağa" gedərək kolbasanın kartondan və ya ölü heyvan ətindən hazırlandığı iddiası ortaya qoyulur.
Açıqlama üçün bildiririk ki, dünyanın heç bir ölkəsində kolbasa məhsulları istehsalı texnoloji xəttində kartonu ətə çevirmək imkanları yoxdur. Bu qeyri-mümkün olmaqla yanaşı, cəfəng bəyənatdan başqa bir şey deyildir. Həmçinin məhsul istehsalında ölmüş heyvanların ətindən istifadəni iddia etmək üçün ən azı laboratoriya sınaqlarının nəticəsi tələb olunur. Biz əminik ki, ölkəmizdə bu nəticələri əldə etmək mümkünsüzdür. Çünki, heç bir istehsalçı bir-iki ölmüş heyvan ətini ümumi xammala vurmaqla yüz tonlarla məhsulu xarab etməz. Bu ən azı, aparılan güclü dövlət nəzarəti və istehlakçı hüquqlarının qorunması ilə bağlı dövlətin apardığı siyasət nəticəsində mümkün deyil.
Onu da bildiririk ki, Azərbaycanda istehsal olunan ət məhsullarının üzlüyündə o məhsulların tərkibi haqqında müfəssəl məlumatlar yer almaqdadır. Bu gün ətlə yanaşı, kolbasaya bitki mənşəli zülallar, ən inkişaf etmiş ölkələrdə istehsal olunmuş ədviyyatlar, su, yağ, qida əlavələri və s. vurulmaqdadır. Məhsulların tərkibi dövlətin müvafiq qurumları tətrəfindən təsdiq olunmuş resepturalarda öz əksini tapmışdır. O cümlədən, qablaşdırma üçün istifadə olunan müasir avadanlıqların imkanları nəticəsində ət məhsullarında bakterioloji çirklənmənin faizi sıfıra enmişdir.
Biz, tərkibində 6 iri ət və ət məhsulları istehsalçılarını toplamış Azərbaycan Ət və Ət Məhsulları İstehsalçılarının İctimai Birliyi ölkəmizdə aparılan iqtisadi islahatlar nəticəsində formalaşmış ən son texnologiyalar əsasında qurulmuş müəssisələrdə müasir standartlara uyğun istehsal olunan məhsulların Azərbaycan istehlakçısının gözündə aşağılayan, yerli məhsullara inamsızlıq yaradan, qurulmuş infrastrukturu, inkişafı gözü götürməyən şəxsləri, xüsusilə də fakta istinad etməyən, qarşı tərəfin mövqeyini əks etdirməyən bəzi mətbuat orqanlarını kəskin şəkildə qınayırıq.
Biz ət və ət məhsullarının istehsalının hazırki vəziyyətini əyani görmək istəyən istənilən maraqlı şəxsləri (bu sırada mətbuat nümayəndələrini xüsusi vurğulamaq istəyirik) müəssisələrə dəvət edirik, kolbasa məmulatlarına vurulan xammallardan tutmuş, son qablaşdırmaya qədər olan vəziyyəti görməklə onlarda real təsəvvür yaranmasının tərəfdarıyıq. Bunun üçün bütün imkanları yaratmağı öz öhdəmizə götürürük.
Məlumat üçün bildirək ki, Azərbaycan Ət və Ət Məhsulları İstehsalçılarının İctimai Birliyi 31 mart 2010-cu ildə rəsmi dövlət qeydiiyatdan keçmişdir. Birlik ölkənin ət və ət məhsulları istehsal edən müəssisələri ilə, o cümlədən "Səhliyalı", "MT", "SAB", "CF Kristal", "Elba 999", "Kral ət məhsulları", "Ovçular", "AYMİN" və s. sıx əməkdaşlıq edir, onların fəaliyyətinə ictimai nəzarət edir. Müxtəlif seminarlarda, tədbirlərdə Avropadan dəvət etdiyimiz ət məhsulları istehsalçıları, texnoloqları ilə yerli sahibkarların görüşünü həyata keçirməklə yerli istehsalın inkişafına ictimai təşkilat olaraq öz tövhəmizi veririk.
Sonda bir daha obyektiv araşdırma aparmayan, məqsədi istehlakçıların yerli məhsullara inamının azalmasına yönələn məqalələri yazanlara qarşı kəskin iradımızı bildirir, düzgün olmayan fikirləri təkzib edirik.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB