Əcnəbilərlə qurulan ailələrə maraq niyə artıb?

Azərbaycan Miqrasiya Mərkəzi İctimai Birliyinin sədri Əlövsət Əliyev: “Sadəcə subaylıq haqqında şəhadətnamə götürüb xaricə gedir və haqqında heç bir məlumatı olmadığı biri ilə ailə qururlar”
Əcnəbilərlə qurulan ailələrə maraq niyə artıb?

Bu günkü cəmiyyətdə əcnəbilərlə ailə qurmaq, seçilmək, fərqlənmək, yaxşı yaşamaq istəyindən irəli gələn hal kimi anlaşılmaqdadır. Bir sıra hallarda bu amil artıq problem kimi qabardılmaqdadır. Belə ki, əgər xarici vətəndaşlarla ailə həyatı qurulursa, bu zaman azərbaycanlı ailəsinə xas olan bir çox dəyərlər getdikcə itirilmək təhlükəsi yaşayır.

Mövzu ilə bağlı SİA-ya münasibət bildirən Azərbaycan Miqrasiya Mərkəzi İctimai Birliyinin sədri Əlövsət Əliyev qeyd etdi ki, xarici vətəndaşla ailə qurub, xaricdə yaşayacaq olan şəxslərin, ilk növbədə həmin insanla bağlı ətraflı bilgiyə sahib olmalarını vacibdir. Onun fikrincə, qızlar ailə qurduqları şəxsin ailəli olub-olmamasını, getdiyi ölkənin adət-ənənəsini öyrənməlidir: "Amma bunların heç birini etmirlər, sadəcə subaylıq haqqında şəhadətnamə götürüb xaricə gedir və haqqında heç bir məlumatı olmadığı biri ilə ailə qururlar. Bu, çox zaman iqtisadi problemlərlə bağlı olur. Bundan başqa qızların xaricilərə üz tutmasının bir səbəbi köhnəlmiş adətlər, ictimai qınaqla bağlı məsələdir. Həmin adətlərə görə, kişilər üçün subaylıq sultanlıq, qadın üçün isə faciədir. Belə adətlər mövcud olduğuna görə, bəzən qızlar yaxşı həyat sürsələr belə, bu qınaqlardan qurtulmaq üçün ailə qururlar. Ona görə də çox zaman heç bir araşdırma aparmadan ailə qururlar. Azərbaycan vətəndaşlarının xarici ölkəyə getməsi bizim yox, getdikləri ölkələrin qanunları ilə tənzimlənir. Bunu əcnəbi vətəndaşlarla ailə qurmağa hazırlaşan hər bir şəxs gözdən keçirməlidir".

Ülkər Musazadə

Bütün xəbərlər Facebook səhifəmizdə