Bütün bayramları yüksək əhval-ruhiyyə və böyük təntənə ilə qeyd etmək, doğma Gəncəmizdə artıq ənənə halını alıb. Bu bayramlar içərisində Dövlət Bayrağı günü xüsusi ictimai – siyasi əhəmiyyət daşıyır. Çünki bayrağımız bizim doğma Vətənimizə, xalqımıza, dövlətimizə olan tükənməz sevginin və sədaqətin rəmzidir. Bayraq həm də dövlətin və xalqın varlığının, apardığı azadlıq mücadiləsinin, təfəkkür və düşüncə tərzinin, mənəvi dünyasının göründüyü ən şəffaf və dəqiq meyardır. Bizim bayrağımız da dünyaya müstəqilliyimizin, qüdrət və əzəmətimizin simvolunu nümayiş etdirir. Şəhərimizdə yaradılan və gəncəlilərə ən qiymətli töhvə olan Bayraq Meydanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə 2012-ci il yanvarın 21-də istifadəyə verilib. Bu il ikinci dəfədir ki, bu meydanda Bayraq Günü keçirilir. YAP Gəncə şəhər təşkilatından SİA-ya verilən məlumata görə, 8 noyabr 2013-cü il tarixdə möhtəşəmliyi və əzəməti ilə diqqət çəkən Bayraq Meydanında böyük izdiham var idi. Buraya Gəncə şəhər İcra Hakimiyyətinin rəhbərliyi, məsul işçiləri, YAP Gəncə şəhər Təşkilatı İdarə Heyətinin üzvləri və fəalları, hüquq-mühafizə orqanlarının nümayəndələri, ali və ümumtəhsil məktəblərinin kollektivləri, ziyalılar, gənclər və ictimaiyyətin nümayəndələri toplanıblar.
Hərbi orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səslənib. Təntənəli mərasimi Gəncə şəhər İcra Hakimiyyətinin başçısı cənab Elmar Vəliyev açaraq, gəncəliləri 9 noyabr Bayraq Günü münasibətilə təbrik etdi və bu bayramın çox əlamətdar bir dövrdə keçirildiyini vurğulayaraq bildirib ki, şəhərimiz bu gün doğrudan da əsl sevinc və qürur günlərini yaşayır. Gəncəyə və gəncəlilərə daim diqqət və qayğı göstərən, hər bir vətəndaşına doğma, səmimi münasibət bəsləyən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demokratik və şəffaf seçkilərdə xalqımızın dəstəyi və iradəsi ilə növbəti 5 illiyə dövlətimizin başçısı seçilib. Hər bir Gəncə sakini bu seçkilərdə fəal və yüksək səviyyədə iştirak edərək, əzm və qətiyyətini ortaya qoydu. Bu seçkilər Azərbaycanın demokratik, hüquqi, qüdrətli bir ölkə olduğunu dünyaya bəyan etdi və beynəlxalq nüfuzunu daha da yüksəltdi.
İcra başçısı Elmar Vəliyev vurğulayıb ki, üçrəngli bayrağımızın dövlət rəmzlərindən biri kimi qəbul edərək ucaldılması, 1918-ci ilin mayında yaradılıb, Azərbaycan Xalq Cümhuriyyəti dövrünə təsadüf edir. Həmin gün Azərbaycan Milli Şurası Tiflisdə İstiqlal Bəyannaməsi ilə Dövlət müstəqilliyini dünyaya elan edib.
1920-ci ilin aprel işğalından sonra Cümhuriyyətin özü kimi, rəmzləri də qadağan edilib. Yetmiş il sonra-1990-cı il noyabrın17-də ulu öndər Heydər Əliyevin sədrliyi ilə Naxçıvan Ali Məclisinin sessiyasında üçrəngli bayrağımız qaranlıqlardan xilas edilərək, səmalara ucaldılıb və Naxçıvanın Dövlət Bayrağı kimi təsdiq edilib. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti "Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında" qanun qəbul edib. Həmin il oktyabrın 18-də isə "Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında" Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət Bayrağını bərpa edib. 2004-cü il iyunun 8-də "Azərbaycan Respublikası Dövlət Bayrağının istifadəsi qaydalarını haqqında" Azərbaycan Respublikasının Qanunu ilə bu sahədə qanunvericilik bazası təkmilləşdirilib. Prezident cənab İlham Əliyevin 2007-ci il 17 noyabr tarixli Sərəncamı ilə Dövlət Bayrağı Meydanının yaradılması qərara alınıb. Çox keçmədən Bayılda dünyanın ən hündür bayrağı ucaldılıb.
İndi Azərbaycan Respublikasının Dövlət Bayrağı dünyanın 180-dən artıq müstəqil dövlətinin bayrağı ilə bir sırada dalğalanır. Ölkəmiz üçrəngli Dövlət Bayrağımız altında müstəqillik yolları ilə inamla irəliləyir.
Naqif Həmzəyev, YAP Gəncə şəhər Təşkilatının sədri: "Ulu Öndərimiz Heydər Əliyev 1993-cü ilin iyulunda xalqımızın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra ölkədə siyasi sabitliyi təmin etməklə, dövlətin parçalanmasına yönəlmiş separatçı cəhdlərin qarşısını qətiyyətlə aldı. Azərbaycan Respublikasının üçrəngli bayrağını uca tutaraq, onun bütün bölgələrdə dalğalanmasını təmin etdi. 1995-ci ildə ümumxalq refendumu ilə qəbul olunmuş Azərbaycan Konstitusiyasında üçrəngli bayrağımız Dövlət Bayrağı kimi təsbit edildi. Bu bayraq hər bir azərbaycanlı üçün müqəddəs və əzizdir. Azadlıq və istiqlalımızın təntənəsi olan Dövlət Bayrağımız daim ucalıqda dalğalanacaq və ölkəmiz ulu öndər Heydər Əliyevin siyasi kursundan bəhrələnərək, hər zaman tərəqqi və inkişaf edəcək".
Fuad Əliyev, AMEA-nın Gəncə Bölməsinin direktoru, Akademiyanın müxbir üzvü, professor: "Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan Milli Bayraq millətimizin azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideyalara sadiqliyini nümayiş etdirir. XX əsrin əvvəlindən başlayaraq, üçrəngli bayrağımızın hər zaman səmada dalğalanması üçün mütərəqqi fikirli Azərbaycan ziyalıları mübarizə aparıblar. Bu gün Azərbaycan xalqının bir arzusu var: ölkəmizin ərazi bütövlüyünü təmin etmək, erməni işğalçıları tərəfindən zəbt olmuş torpaqlarımızı azad etmək və Bayrağımızı Xankəndində, Şuşada, Laçında və digər işğal olunan rayonlarımızda dalğalandırmaq!
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin müdrik siyasəti sayəsində yaxın zamanlarda bu qələbəni də qeyd edəcəyimizə əminik".
Bayram tədbirinin sonunda Gəncənin incəsənət ustalarının geniş proqramla konserti olub.




Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB