Lənkəranda Milli Qəhrəman Əsgər Əliyevin xatirəsi anılıb

Lənkəranda Milli Qəhrəman Əsgər Əliyevin xatirəsi anılıb

"Vətən, ana torpaq ugrunda şəhid olanlar, doğma xalqına sədaqət nümunəsi göstərənlər heç vaxt unudulmur. Onların xatirəsi hər zaman qədirbilən xalqımız tərəfindən xatırlanaraq qəlblərdə əbədi yaşayır". Bu fikirlər noyabrın 8-də Milli Qəhrəman Əsgər Ələkbər oğlu Əliyevin anım günü ilə əlaqədar keçirilən tədbirdə səsləndirilib.

SİA-nın Cənub bürosunun məlumatına görə, qəhrəmanın adını daşıyan parkda baş tutan tədbir Lənkəran Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə reallaşıb.

Anım tədbiri qəhrəmanın xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Anım mərasimində Milli Qəhrəmanın ailəsi, rayon ictimaiyyəti, cəbhə yoldaşları və məktəblilər iştirak edib.

Mərasimi giriş sözü ilə Ləj kənd tam orta məktəbinin direktoru İlkin Yaqubov açaraq Milli Qəhrəmanın qısa, lakin şərəfli ömür yolundan söz açıb.

Daha sonra Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin məsul işçisi Tahir Əliyev çıxış edərək Azərbaycanın Milli Qəhrəmanı, mart hadisələri zamanı dövlətçiliyimiz, suverenliyimiz uğrunda ömrünü qurban verərək şəhidlik zirvəsini fəth etmiş Əsgər Əliyevin qəhrəmanlığının hər kəsə örnək olduğunu bildirib, Şəhər İcra Hakimiyyətinin rəhbərliyi adından qəhrəmanın ailəsinə baş sağlığı verib.

Tədbirdə həmçinin Haftoni kənd tam orta məktəbinin direkoru Sevər Ağayeva, Rayon Ağsaqqallar şurasının sədr müavini Sərhad Məmmədov, Ləj kənd məscidinin axundu kərbalayı Samid çıxış edərək vətən, ana torpaq ugrunda şəhid olanların, doğma xalqına sədaqət nümunəsi göstərənlərin heç vaxt unudulmadığını qeyd ediblər.

Sonda Milli Qəhrəmanın atası Hacı Ələkbər Əliyev çıxış edərək oğlunun xatirəsinə bəslənən hörmətə, ailəsinə olan diqqət və qayğıya görə dövlət başçısına və İcra başçısı Taleh Qaraşova, tədbir iştirakçılarına dərin təşəkkürünü bildirib.

Mərasimdə məktəblilərin ifasında vətənpərvərlik və qəhrəmanlıq mövzusunda şeirlər ifa olunub.

Qeyd edək ki, Əsgər Əliyev 1974-cü ildə Lənkəranin Ləj kəndində anadan olub. Milli Qəhrəman 1982-1990-ci illərdə Ləj kənd orta məktəbində təhsil alib. Daha sonra təhsilini Bakı Ali Ümumqoşun Komandirlər Məktəbinin tank artilleriya fakültəsində davam etdirib. 17 mart 1995-ci ildə hakimiyyəti zorla devirmək cəhdi olarkən Əsgər Əliyev Milli Ordunun sıralarında hərbi əməliyyatlarda iştirak edib və qəhrəmancasına şəhid olub. Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı Fərmanı ilə Əliyev Əsgər Ələkbər oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə