Bu gün Milli Televiziya və Radio Şurasında (MTRŞ) şuranın və AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun mütəxəssisləri tərəfindən teleradio yayımçılarının ədəbi dil normalarına riayət edilməsi sahəsində 2013-cü ilin sentyabr-oktyabr aylarında aparılan teleradio yayımçılarının proqramlarının monitorinqlərinin nəticələrinə dair mətbuat konfrans keçirir. SİA-nın məlumatına görə, konfransda AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun mütəxəssisləri, dilçi alimlər, teleradio yayımçılarının nümayəndələri iştirak edirlər.
Tədbiri açıq elan edən MTRŞ-nın sədr müavini Qafar Cəbiyev bildirib ki, əsas məqsəd ötən müzakirədən keçən müddət ərzində teleradio məkanında dövlət dilindən istifadə sahəsində hansı dəyişikliklərin olmasını öyrənməkdir: "İndiki anda Azərbaycan teleradio məkanında dövlət dilindən istifadə ilə bağlı narahatçılıq üçün əsas ola biləcək hər hansı bir ciddi problemimiz yoxdur. Aparılan monitorinq və müzakirələr isə sadəcə teleradio mətbəximizdə vəziyyətin daha yaxşı olması məqsədinə xidmət edir".
Sədr müavini çıxışında onu da vurğulayıb ki, yayımçılar özləri dövlət dilindən istifadə məsələlərində nümunə olmalıdır: "İkincisi, media digər strukturlarda da dövlət dilindən istifadə məsələlərini daimi gündəmdə saxlamalıdır. Dilimizə sayğı göstərməyənlər, bu sahədə olan qanunlara məhəl qoymayanlar çox ciddi tənqid və müzakirə hədəfinə çevrilməlidir. Azərbaycanda teleradio yayımçılarının dövlət dilindən istifadəsində dinamika müsbətə doğru dəyişir. Lakin bu heç də o demək deyil ki, bu sahədə kifayət qədər problem yoxdur. Bəli, problemlər var, özü də onların sayı kifayət qədər çoxdur. Odur ki, işgüzar müzakirələrə ehtiyac var. Bugünkü tədbirimiz də bu məqsədə xidmət edir".
Məlumat üçün bildirək ki, monitorinq Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi, "Elektron Mediaya Yardım Fondu"nun "Azərbaycanın teleradio məkanında ədəbi dilin qorunması" Layihəsi əsasında həyata keçirilib.
Hazırda tədbir davam edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB