Bu gün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində "Respublikada "Elektron hökumət": mövcud vəziyyət, problemlər, perspektiv və gözləntilər" mövzusunda birinci analitik məqalə müsabiqəsinin yekunları ilə bağlı tədbir keçirilib. SİA xəbər verir ki, tədbirdə çıxış edən rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə bildirib ki, müsabiqənin həyata keçirilməsində məqsəd elektron hökumətin formalaşması zamanı aparılan prosedurlar barədə mətbuat vasitəsilə ictimaiyyətin məlumatlandırılması olub.
Onun sözlərinə görə, yazılan məqalələr vasitəsilə "elektron hökumət" barədə cəmiyyət kifayət qədər məlumatlandırılıb: "Bu prosesin davam etdirilməsi daimi olaraq diqqət mərkəzindədir. Növbəti dəfə təşkil edəcəyimiz müsabiqələr də cəmiyyətin "elektorn hökumət"dən istifadəsinin genişləndirilməsi istiqamətində olacaq".
Daha sonra çıxış edən Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz dövlətin elektron xidmətlərin cəmiyyət tərəfindən öyrənilməsində maraqlı olduğunu deyib: "Artıq bir sıra dövlət strukturları "elektron hökumət"ə qoşulub. Lakin hələ də, bəzi dövlət qurumları bu portaldan istifadə etməyə maraq göstərmirlər. Hesab edirəm ki, bu qurumlar da KİV nümayəndələri vasitəsilə "elektron hökumətə" qoşulacaqlar".
Sonda "Qran Pri" qalibi 3000 manatla, 1-ci yerin qalibi 2500 manatla, 2-ci yerin qalibi 1500 manatla, 3-cü yerin qalibi 1000 manatla, 4-10-cu yerlərin qalibləri isə noutbuklarla mükafatlandırılıblar. Müsabiqə iştirakçılarının hər birinə e-imza vəsiqəsi, kart oxuyucusu, 6 aylıq "Azdatakom" internet xidməti (2 Mb/s) hədiyyə edilib.
Qeyd edək ki, 200-dən çox KİV nümayəndəsinin qeydiyyatdan keçdiyi müsabiqəyə 114 nəfər məqalə təqdim edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB