Qənirə Paşayeva Türkiyədə küçə və parkların birinə Qarabağ adının verilməsini təklif edib
Azərbaycan-Türkiyə Dostluq Qrupunun üzvü, millət vəkili Qənirə Paşayeva Türkiyənin Nevşəhər bölgəsinə səfər edib. SİA-nın məlumatına görə, millət vəkili Nevşəhərə səfər zamanı Nevşəhər bələdiyyə başçısı Hasan Ünever ilə görüşüb. Türkiyənin gözəl bölgələrindən olan Nevşəhərdə olmaqdan məmnun olduğunu deyən millət vəkili Qənirə Paşayeva bələdiyyə başçısına ölkələrimiz arasındakı əlaqələrdən və bu əlaqələrin günbəgün daha da sıxlaşmasından bəhs edib: "Türkiyə-Azərbaycan, bir millət iki dövlətdir. Ümummilli lider Heydər Əliyevin bu sözləri hər iki ölkənin gəncləri üçün örnək olmalıdır. Türkiyənin uğuru Azərbaycanın və türk dünyasının, Azərbaycanın uğuru Türkiyənin və bütün türk dünyasının uğurudur. Ölkələrimiz arasındakı əlaqələr günbəgün möhkəmləndiyi kimi həmin əlaqələri Azərbaycan və Türkiyənin bölgələri arasında daha da möhkəmləndirməliyik. Elə Nevşəhərin Azərbaycanın hər hansı bölgəsi ilə qardaşlaşdırılması bu əlaqələrin daha da sıxlaşmasına gətirib çıxara bilər. Mən çox istərdim ki, yaxın zamanlarda Nevşəhərlə Azərbaycanın gözəl bölgələrindən biri arasında qardaş bələdiyyə sənədi imzalansın və gözəl əməkdaşlıq qurulsun".
Millət vəkili Qənirə Paşayevanın bu fikrini bəyənən və dəstəkləyən Nevşəhər bələdiyyə başçısı Hasan Ünever qardaş ölkələrin bölgələrinin də qardaşlaşdırılması fikrini yüksək qiymətləndirdiyini və bu addımın birlikdə xeyli iş görmək üçün zəmin yaradacağını dilə gətirib.
Nevşəhər bələdiyyə başçısı Hasan Ünever millət vəkili Qənirə Paşayevaya Nevşəhərin küçələrinə yeni adların veriləcəyini söyləyib. Millət vəkili Qənirə Paşayeva bələdiyyə başçısının bu addımını yüksək qiymətləndirib, Nevşəhərdə mərkəzi küçələrdən və parklardan birinə Azərbaycanın gözəl guşəsi olan Qarabağın, digərinə isə əslən Qarabağdan olan çağdaş türk poeziyasının görkəmli nümayəndəsi ustad Yavuz Bülent Bakilərin adının verilməsini təklif edib. Qeyd edək ki, görüşdə Yavuz Bülent Bakilər də iştirak edib. Təkliflə razılaşan Hasan Ünever tezliklə millət vəkili Qənirə Paşayevaya Nevşəhərin fəxri vətəndaşı statusunun veriləcəyini bildirib.
Millət vəkili Qənirə Paşayeva Nevşəhər bələdiyyə başçısına müəllifi olduğu "Qənirə Paşayeva ilə addım-addım Türk dünyası" kitabı barədə məlumat verib. O hazırda kitabın ikinci hissəsini hazırlamağı planlaşdırdığını və yeni hissədə Nevşəhərin də yer alacağını bildirib.
Millət vəkili Qənirə Paşayeva Hasan Ünevere Azərbaycanın tarixi və Dağlıq Qarabağ həqiqətləri barədə danışıb. Millət vəkili Qənirə Paşayeva Ermənistan ordusunun işğalçılığı ilə yanaşı günahsız əhaliyə Xocalıda və digər bölgələrdə divan tutmasından danışıb.
Görüşün sonunda millət vəkili Qənirə Paşayeva, Nevşəhər Bələdiyyə başçısı Hasan Üneverə Azərbaycan tarixi, mədəniyyəti, Dağlıq Qarabağ həqiqətlərindən bəhs edən müəllifi olduğu kitabları, tarixi materiallar və Azərbaycan bayrağı hədiyyə edib. Bu cür görüşləri Dağlıq Qarabağda, Kəlbəcərdə, Şuşada, Xankəndində, digər o gözəl torpaqlarda keçirməyi dilədiyini bildirib.
Nevşəhər bələdiyyə başçısı Hasan Ünever də öz növbəsində millət vəkili Qənirə Paşayevaya Nevşəhərin simvolunun kiçik bir nümunəsini və Nevşəhəri anladan materialları hədiyyə edib.
Nevşəhər Bələdiyyə başçısı ilə görüşdə Millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi və Türkiyənin bəzi bölgələrində "Azərbaycan-Türkiyə Qardaşlıq Gecəsi"ndə iştirak etmək üçün qardaş ölkəyə səfər edən Yazıçılar birliyin bölüm rəhbəri Sərvaz Hüseyinoğlu, şairə Gülayə Rzayeva, Azərbaycanın Əməkdar Artisti bəstəkar-müğənni Elza Seyidcahan və Opera və səs sənətçisi İlham Əsgəroğlu da iştirak ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB