Gəncədə “Könüllülüyə çağırış” başlandı

Gəncədə “Könüllülüyə çağırış” başlandı

"Odlar Yurdu" Gənclər İctimai Birliyi tərəfindən Gəncə şəhərində ilk dəfə "Könüllülüyə çağırış" adlı yeni layihəyə start verilib. Gəncənin ali təhsil müəssisələrində yüzlərlə gəncin bu sahədə maariflənməsini əsas hədəf götürən Birlik noyabr ayı çərçivəsində ali təhsil müəssisələrində könüllülüklə bağlı təlimlər keçirir. Təlimlərin həyata keçirilməsində əsas məqsəd Azərbaycanda könüllük hərəkatının təbliği, yeniyetmə və gənclər arasında könüllülərin hazırlanması üzrə bilik və bacarıqların artırılması, həmçinin gənclərin beynəlxalq səviyyədə könüllülük hərəkatına cəlb edilməsi, könüllülük hərəkatı barədə geniş məlumatların əldə edilməsi və yayılması, gənclər arasından könüllü qrupların formalaşmasıdır. Baş tutan təlim sessiyasının sonunda mövzu çərçivəsində müzakirələr keçirilib, iştirakçıların sualları cavablandırılıb. Dünya könüllük siyasıti haqqında gənclərə məlumatlar verilib.

Qeyd edək ki, təlimlər 4-8 noyabr tarixində Gəncə Dövlət Universitetində, 5-7 noyabr tarixində isə Azərbaycan Dövlət Aqrar Universitetində keçirilib. Həmçinin, Azərbaycan Texnologiya Universiteti, Azərbaycan Müəllimlər İnstitutunda (Gəncə filialı) həftədə 2 dəfə olmaqla təlimlər davam edəcək. Layihənin sonunda çoxsaylı könüllülərdən ibarət komanda yaradılacaq və müxtəlif aksiya, tədbirlər keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə