Azərbaycanın ədliyyə sahəsində qabaqcıl təcrübəsi dünyada təqdir olunur
Penitensiar müəssisələrdə xəstəlikdən ölüm hallarının sayının 12 dəfə, vərəmdən isə ölüm hallarının təqribən 40 dəfəyədək azalıb. SİA-ya verilən məlumata görə, artıq ölkəmizin bu sahədə nailiyyətləri beynəlxalq aləmdə təqdir olunaraq Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) Azərbaycanın bu müsbət təcrübəsini örnək kimi digər dövlətlərə tətbiqi üçün tövsiyə edib.
Bununla əlaqədar, Böyük Britaniya, Moldova, Ukrayna, Gürcüstan, Filippin, İraq və Mərkəzi Asiya ölkələri, habelə bir sıra inkişaf etmiş dövlətlərin, o cümlədən İngiltərə, Almaniya və İsveçrənin tibb üzrə ixtisaslaşan QHT-ləri nailiyyətlərimizə böyük maraq göstərərək geniş nümayəndə heyətlərini Azərbaycana göndərib və təcrübəmizlə tanış olublar.
Eyni zamanda, BMT-nin İqtisadi və Sosial Şurasında məşvərətçi statusuna malik olan və baş qərargahı ABŞ-da yerləşən digər nüfuzlu təşkilat - İslah və Həbsxanalar Beynəlxalq Assosiasiyası ölkəmizin penitensiar sistemində vərəmə nəzarət proqramını 2013-cü ilin Səhiyyə Mükafatına layiq bilib.
Mükafatın təqdimatı bu günlərdə ABŞ-ın Kolorado Sprinqs şəhərində dünyanın 70 ölkəsinin ədliyyə, o cümlədən penitensiar sistemini təmsil edən 500-dən artıq nümayəndəsinin iştirakı ilə keçirilən Assosiasiyanın 15-ci İllik Konfransında olub. Bu məqsədlə Azərbaycan Ədliyyə Nazirliyinin Tibb xidmətinin rəhbəri Rəfael Mehdiyevin başçılıq etdiyi nümayəndə heyəti tədbirdə iştirak edib.
Mükafat Assosiasiyanın Prezidenti tərəfindən təntənəli mərasim zamanı Azərbaycan tərəfinə təqdim olunub.
Qeyd edək ki, bu kimi mükafatlar penitensiar sistemlə bağlı proqramların dünya standartlarına uyğun icra edilməsində xüsusi fərqlənməyə və yüksək nailiyyətlərin əldə olunmasına görə verilir və Azərbaycan bu il səhiyyə sahəsində təltif olunmuş yeganə ölkədir.
Eyni zamanda, Azərbaycanın yüksək nailiyyətlər əldə etdiyi nəzərə alınaraq müsbət təcrübəmizlə bağlı əhatəli prezentasiya xüsusi olaraq gündəliyə salınıb və tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.
Bu yüksək mükafat dövlətimizin siyasi iradəsi ilə son illər həyata keçirilən çoxşaxəli islahatlara verilən növbəti qiymətdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB