Uşaqların istirahəti ilə bağlı yeni qanun layihəsi müzakirəyə çıxarılıb FOTO

Uşaqların istirahəti ilə bağlı yeni qanun layihəsi müzakirəyə çıxarılıb FOTO

Bu gün Milli Məclisdə Sosial siyasət komitəsi yeni qanun layihəsini müzakirəyə çıxarıb. SİA-nın məlumatına görə, yeni qanun layihəsi haqqında komitə sədri Hadi Rəcəbli ətraflı məlumat verib.

Onun sözlərinə görə, yeni hazırlanan "Uşaqların istirahətinin təşkili haqqında" qanun layihəsi bu sahədə dövlət siyasətinin əsas istiqamətlərini, uşaqlara istirahət üzrə xidmətlərin göstərilməsinin qayda və şərtlərini, həmçinin uşaqların istirahəti prosesinin iştirakçılarının hüquq və vəzifələrini müəyyən edir, bu sahədə yaranan münasibətləri tənzimləyir: "Uşaqların istirahəti sahəsində dövlət siyasətinin əsas prinsipləri irqindən, milliyətindən, dinindən, cinsindən asılı olmayaraq hər bir uşağın istirahət hüququ bərabərdir. Uşaqların uşaq istirahət müəssisələrində təhlükəsizlik və sağlam mühitdə yaşamaları üçün əlverişli şəraitin yaradılmasına, fiziki və psixi sağlamlığının möhkəmləndirilməsi istiqamətində siyasət həyata keçirilir".

Sənəddə eyni zamanda uşaqların xaricdə istirahət etmək və asudə vaxtlarının təşkili məsələsi də öz əksini tapıb. Müzakirələrin yekunu olaraq mövcud qanunun daha təkmil formada hazırlamaq üçün işçi qrupu yaradılıb və bu işçi qrupu müzakirələr zamanı səsləndirilən təklifləri nəzərə almaqla qanun layihəsini yenidən təkmil formada hazırlayacaq.

Məlumat üçün bildirək ki, işçi qrupuna komitənin üzvü Sədaqət Vəliyeva rəhbərlik edəcək.

Qeyd edək ki, yeni qanun layihəsi 5 fəsil 25 maddədən ibarətdir.

Bütün xəbərlər Facebook səhifəmizdə