Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın təşəbbüsü ilə keçirilən "Uşaq hüquqları aylığı" çərçivəsində tədbirlər davam edir. Ombudsman Aparatının mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, "Hər bir uşağın qayğısına qalaq!" devizi ilə start götürən və 20 noyabr tarixinədək davam edəcək bu aylığın məqsədi uşaqlara diqqətin artırılması və uşaq hüquqlarının həyata keçirilməsi vəziyyətinin daha da yaxşılaşdırılmasıdır.
Ombudsmanın Gəncə Regional Mərkəzinin əməkdaşları Ağstafa rayonunun Uşaq Yaradıcılıq Mərkəzində və Göygöl şəhərindəki İ.Novruzov adına 4 saylı orta məktəbdə "Uşaq hüquqlarının müdafiəsi" mövzusunda tədbirlər keçiriblər.
Regional mərkəzin əməkdaşları son illərdə respublikamızda uşaq hüquqlarının təmin olunması istiqamətində bir sıra sosial, iqtisadi və hüquqi islahatlar həyata keçirildiyini, bu sahədə mühüm qanunvericilik aktları və dövlət proqramlarının qəbul edildiyini diqqətə çatdırıblar.
Bu günlərdə ölkəmizdə əlamətdar bayramların--Dövlət Bayrağı Gününün və Konstitusiya Gününün qeyd olunacağı vurğulanıb, Əsas Qanunumuzda nəzərdə tutulmuş insan hüquqları, bu sahədə olan beynəlxalq sənədlər və müdafiə mexanizmləri, o cümlədən "Uşaq Hüquqları Konvensiyası" və "Uşaq Hüquqları haqqında Azərbaycan Respublikasının Qanunu" barədə iştirakçılara ətraflı məlumat verilib. Ombudsman təsisatının uşaq hüquqlarının müdafiəsi və təmini istiqamətində gördüyü işlər və həyata keçirilən tədbirlər, həmçinin Müvəkkilin təşəbbüsü ilə uşaq hüquqları üzrə pilləli tədrisin uğurla gerçəkləşdirilməsi diqqətə çatdırılmışdır. Ombudsman Aparatında fəaliyyət göstərən Uşaq hüquqları üzrə qaynar xətt barədə tədbir iştirakçılarına məlumat verilib.
Uşaqların məlumat almaq və iştirak etmək hüquqları, onların asudə vaxtının səmərəli təşkili, azad seçim imkanları barədə söz açılıb, uşaqların inkişafına mane olan hallar, uşaqlara qarşı zorakılığın növləri, küçə uşaqlarının vəziyyəti, uşaq əməyinin istismarı, həmçinin cəmiyyətdə uşaq hüquqlarının inkişafına mənfi təsir edən digər stereotiplər sadalanmış, bu cür hallara qarşı mübarizə aparmaq üçün təkliflər irəli sürülüb.
Tədbirdə iştirak edən şagirdlərə 10 dekabr – Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə Ombudsmanın ənənəvi olaraq keçirdiyi "Mən və hüquqlarım" mövzusunda uşaq rəsmləri müsabiqəsində fəal iştirak etmək tövsiyə edilib.
Ombudsmanın UNİCEF-lə əməkdaşlığı çərçivəsində Gəncə şəhərindəki 22 saylı orta məktəbdə" Uşaq hüquqları və sağlam həyat tərzi" mövzusunda keçirilmiş təlimdə Təhsil Nazirliyinin, Gəncə Regional Mərkəzinin əməkdaşları, Gəncə Uşaq Yaradıcılıq Mərkəzinin nümayəndələri, dərnək müəllimləri və şagirdlər iştirak ediblər.
Regional Mərkəzin əməkdaşı Səbuhi Abbasov təlimdə çıxış edərək, Ombudsmanın uşaq hüquqlarının müdafiəsi və təbliği istiqamətində həyata keçirilən çoxşaxəli fəaliyyəti barədə danışıb. Daha sonra uşaq hüquqları üzrə ekspert, Azərbaycan QHT Alyansı idarə heyətinin sədri N.Quliyev adı çəkilən təlimi interaktiv formada davam etdirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB