Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı növbəti müsabiqə üzrə test imtahanı noyabr ayının 16-da keçiriləcək. SİA-nın xəbərinə görə, nazirliyin Müsabiqə Komissiyası bildirir ki, bununla əlaqədar ədliyyə orqanlarında işləmək arzusunda olan hüquqşünaslar üçün cari ilin avqust ayından başlanan sənəd qəbulu noyabr ayının 12-də başa çatır.
Şəffaflığın təmin edilməsi, o cümlədən yerli və beynəlxalq müşahidəçilərin tədbiri tam izləmələri məqsədilə imtahan bütün namizədlər üçün vahid auditoriyada - Azərbaycan Texniki Universitetinin idman sarayında, Bakı şəhəri, A.Sultanova küçəsi 5 ünvanında saat 10.00-da keçiriləcək (imtahan yerinə getməyə kömək üçün müvafiq videoçarx Nazirliyin internet səhifəsində yerləşdirilib).
Namizədlər üçün imtahanlara mükəmməl hazırlaşmalarına və yüksək nəticələrə nail olmalarına köməklik məqsədilə oktyabr ayından Ədliyyə Akademiyasında xüsusi proqram əsasında hazırlıq kursu təşkil olunub, test imtahanı və söhbət mərhələsində sualların hazırlanmasında istifadə olunan normativ hüquqi aktlara dair xülasə və "Yaddaş kitabçası" nazirliyin internet səhifəsində yerləşdirilib.
Xatırladırıq ki, qaydalara əsasən test imtahanının yekununa görə 55 və daha artıq bal toplayan namizədlər uğur qazanmış hesab olunur. Həmin namizədlərin zəruri sənədlərinin toplanması və yoxlanılması bu mərhələdən sonra həyata keçiriləcək və qanunvericiliklə müəyyən edilən tələblərə cavab verən şəxslər ikinci mərhələyə - söhbətə buraxılacaqlar.
Namizədlər "İmtahana buraxılış vərəqəsi"ni noyabr ayının 14-dən etibarən saat 9-dan 18-dək şəxsiyyət vəsiqəsini təqdim etməklə Ədliyyə Nazirliyinin inzibati binasında götürməlidirlər.
Buraxılış rejiminin və yerləşdirilmənin təmin olunması üçün namizədlər imtahana gecikmədən, buraxılış vərəqəsində göstərilən vaxtda gəlməlidirlər. İmtahana gələrkən namizədlər buraxılış vərəqəsini və şəxsiyyət vəsiqəsini mütləq gətirməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda namizəd imtahana buraxılmayacaqdır.
Nazirliyin internet səhifəsindən, eləcə də (012) 538-01-62, (012) 538-08-15 nömrəli telefonlar vasitəsilə əlavə operativ məlumatlar almaq olar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB