YAP Səbail rayon təşkilatının İdarə Heyətinin seçkidən sonra görüş keçirilib FOTOLAR

Görüşdə 9 oktyabr prezident seçkilərinin və uğurlu nəticələri müzakirə olunub
YAP Səbail rayon təşkilatının İdarə Heyətinin seçkidən sonra görüş keçirilib FOTOLAR

Bu gün Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının İdarə Heyətinin seçkidən sonra görüşu keçirilib. SİA-nın verdiyi məlumata görə, rayon təşkilatının qərargahında keçirilən tədbiri giriş sözü ilə açan YAP İdarə Heyətinin üzvü, partiyanın Səbail rayon təşkilatının sədri, professor Zahid Qaralov çıxış edərək partiya üzvlərini 9 oktyabrda keçirilən prezident seçkilərində fəal şəkildə iştirak etdiklərinə görə minnətdarlığını bildirib: "Prezident seçkiləri böyük uğurla başa çatdı. Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Heydər oğlu Əliyev seçicilərin 84,5 faizinin səsini qazandı və üçüncü dəfə 5 il müddətinə Azərbaycan Respublikasının Prezidenti seçildi. Bu münasibətlə dövlət başçımız İlham Əliyevi bir daha təbrik edirik, Ona qarşıdakı illərdə böyük uğurlar diləyirik".

Z.Qaralov onu da bildirib ki, Cənab İlham Əliyevin böyük üstünlüklə qələbə qazanması təsadüfi deyil, bir gerçəklikdir: "Qələbəmizi şərtləndirən amillər bunlardır:

- Yeni suveren Azərbaycanın müdrik lider, dahi siyasətçi Heydər Əlirza oğlu Əliyev tərəfindən əsası qoyulan hərtərəfli inkişaf strategiyasının düzgünlüyü, mükəmməlliyi, elmi, tarixi, milli və ümumbəşəri dəyərlərə söykənməsi;

- Yeni Azərbaycan Partiyasının başqa partiyalardan qat-qat güclü olması, ümumxalq partiyasına çevrilməsi, siyasi mədəniyyətinin yüksəkliyi, monolitliyi, ideologiyasının sağlamlığı, xalqa xidmətinin təmənnasızlığı, daxili və xarici siyasətdə tam müstəqilliyi, beynəlxalq qurumlarda xalqın mənafeyini qorumaq təcrübəsi;

- Cənab İlham Əliyevin son 10 ildə Heydər Əliyev tərəfindən formalaşdırılmış inkişaf strategiyası və təcrübəsi əsasında Azərbaycanda həyata keçirdiyi böyük ölçülü islahatların parlaq nəticələri: işsizliyin və yoxsulluğun ilbəil aşağı düşməsi, əhalinin orta illik gəlirlərinin tədricən artması və həyat şəraitinin yaxşılaşması, daxili sabitlik, iqtisadi-sosial sahələrin müasir tələblərə uyğun inkişafı, quruculuq-yaradıcılıq işlərindəki ardıcıllıq və böyük sürətlə irəliləyiş, demokratiyanın genişlənməsi, xarici siyasətdə müstəqillik, ölkələrlə ikitərəfli və çoxtərəfli əlaqələrin genişləndirilməsi, beynəlxalq qurumlarda ləyaqətli yer tutmaq, qloballaşmada fəal iştirak, müxtəlif sahələrdə dünyaya inteqrasiya, insan haqlarının və hüquqlarının qorunması, ədalətin bərpası, insan amilinin qiymətləndirilməsi, insanlığa zidd davranışlara qarşı qəti və ardıcıl mübarizənin görünən müsbət nəticələri, hüquq mühafizə orqanlarına qəbul sisteminin kökündən dəyişməsi və dövlət başçısının funksiyalarına daxil olan digər vəzifələrin ləyaqətlə yerinə yetirilməsi.

- Ən əsası isə, dövlətin, hökumətin xalqın xidmətçisi kimi təqdim olunması, məmur özbaşınalıqlarının qarşısını almaq üçün ciddi tədbirlərin həyata keçirilməsi olmuşdur.

Xalqın mütləq əksəriyyəti ölkə Prezidenti İlham Əliyevə inanır, hörmət edir, Ona güvənirdi. Bunu təbliğat-təşviqat dövründə dəfələrlə insanların israrla dedikləri fikirləri ilə şahidi olmuşuq. Hətta elə insanlarla rastlaşdıq ki, özlərinin qatı müxalifətçi olduqlarını dedilər və yenə də İlham Əliyevə inandıqlarını söylədilər".

Z.Qaralov Yeni Azərbaycan Partiyasının öz namizədinin xalq arasında təbliğat-təşviqat işlərinin yüksək səviyyədə düzgün qurulduğunu, seçicilərlə səmimi görüşlərin keçirildiyini, bütün gün ərzində insanların qəbulu üçün partiya qapılarının açıq saxlanıldığını vurğulayaraq bildirib ki, Səbail rayonunda 10 mindən artıq ziyalı Azərbaycanın müxtəlif rayon və şəhərlərində Cənab İlham Əliyevin təbliğat-təşviqat işinə cəlb olunmuşdu: "Rayonda seçicilərin 71 %-i səsvermə məntəqələrinə gəldilər, 87 %-i Cənab İlham Əliyevə səs verdi. Bunlar çox yüksək göstəricilərdir. Bizim çox uğurlu qələbəmiz gələcək üçün məsuliyyətimizi bir qədər də artırmışdır".

Rayon təşkilatının sədri onu da vurğulayıb ki, bu gün daha fəal olmalı, partiyanın növbəti hədəflərini müəyyən etməli, geniş strateji proqram hazırlamalıyıq: "Əsas inkişaf xəttimiz belədir - uğurlarımızı daha da möhkəmləndirək, gələcək qələbələrimizin strategiya və taktikasını hazırlayaq".

Z.Qaralov "Milli Şura" deyilən saxta qurum istər seçkidən əvvəl, istəsə də seçkidən sonra xalqın qarşısında heç bir nüfuz əldə edə bilmədi: "Əslində isə, xalq öz iradəsini göstərdi, seçkilər şəffaf, demokratik, qoyulmuş seçki standartlarına uyğun keçirilib. Dünyanın bütün qitələrindən gəlmiş 100-dən çox ölkənin təmsilçiləri olan 1400 nəfərə yaxın xarici, 53 min nəfərə qədər ölkədaxili müşahidəçi prosesi diqqətlə izləmişdi, fikir söyləmişdi. Müxalifətdən olan müşahidəçilər daha həssas, gözüaçıq olmuşdu. Şəffaf ictimai-siyasi mühitdə seçicilərin mütləq əksəriyyəti Cənab İlham Əliyevə səs verəcəyini açıq şəkildə söylədi. Biz bundan sonra da öz doğru yolumuzdan dönməyəcəyik".

Görüşdə YAP Səbail rayon təşkilatının İqtisadiyyat Universitetinin ilk ərazi təşkilatınnı sədri Zəfər Bayramov, YAP Siyasi Şurasının üzvü, ADPU-nun professoru Vilayət Əliyev, YAP Səbail rayon gənclər təşkilatının sədrinin müavini Zahid Qurbanov çıxış edərək prezident seçkilərində əldə olunan qələbə münasibəti ilə xalqımızı təbrik etdilər və Azərbaycanın gələcək inkişafına uğurlar dilədilər.

Sonra seçkidə böyük fəallıq göstərmiş partiya üzvləri rayon təşkilatının Fəxri Fərmanı ilə təltif edildi.

R.KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə