İnnovativ Layihələrinin Ekspertizası və Koordinasiyası Şurası yaradılacaq YENİLƏNİB (FOTO)
Bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət heyətinin iclası keçirilib. SİA-nın məlumatına görə, tədbirdə AMEA -nın prezidenti Akif Əlizadə və Rəyasət Heyətinin üzvləri iştirak ediblər.
İclası giriş sözü ilə açan Akif Əlizadə ilk növbədə ölkədə keçirilmiş III Bakı Beynəlxalq Forumu haqqında danışıb. O bildirib ki, Forum çox uğurlu şəkildə həyata keçib: "AMEA üzvləri həmin Forumda fəal iştirak ediblər. Düşünürəm ki, xarici ölkələrdən Forumda iştirak edən alimlər Azərbaycan elmi və digər sahələr haqqında məlumatı öz ictimaiyyətlərinə çatdıra biləcək. İnanıram ki, gələn Forum bundan da yüksək səviyyədə aparılacaq".
Daha sonra A. Əlizadə təbir iştirakçılarını gündəlikdə olan məsələlərlə tanış edib. O bildirib ki, alimlərin apardığı tədqiqatlar nəticəsində məlum olub ki, antropogen amillərə görə, Xəzər dənizində nərə balıqlarının nəsli kəsilmək üzrədir".
Daha sonra tədbirdə Zoologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü İlham Ələkbərov sözügedən mövzu ilə bağlı məruzə ilə çıxış edib. O bildirib ki, yerli və xarici mütəxəssislərin rəyinə görə, son onilliklərdə Xəzəryanı ölkələrin balıqartırma zavodları tərəfindən dənizə balıq körpələrinin buraxılması fayda vermir: "Əksinə, bu cür hallar nərəkimi balıqların ciddi surətdə azalmasına gətirib çıxarır".
Tədbirin davamında İnnovativ Layihələrinin Ekspertizası və Koordinasiyası Şurasının yaradılması haqqında məruzə dinlənilib. Məruzə ilə çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev bildirib ki, ölkədə elmi tədqiqatların nəticələrinin iqtisadiyyatın müxtəlif sferalarına geniş tətbiqi zərurəti yaranıb.
Tədbirdə həmçinin "Azərbaycan Milli Elmlər Akademiyasının xəbərləri məcmuəsi"nin təsis edilməsi barədə qərar qəbul olunub.
AMEA-nın müxbir üzvü, professor Rasim Əliquliyev bildirib ki, jurnalın yaradılmasında məqsəd AMEA Rəyasət Heyətinin, elmi müəssisə və təşkilatlarının nəticələri barədə məruzə və müzakirələrin elmi ictimaiyyətə çatdırılması, həmçinin Azərbaycanın görkəmli alimlərinin yubileyləri barədə məlumatların yayılmasıdır.
R. Əliquliyev, həmçinin iştirakçıları AMEA-nın Fəxri Fərmanının da əsasnaməsi ilə tanış edib. Sənəddə qeyd olunub ki, Fəxri Fərmanla AMEA-nın üzvləri, elm və texnikanın inkişafında, elmi nəticələrin islahata tətbiqində, elmi-təşkilatı işlərdə və yüksək ixtisaslı kadrların hazırlanmasında xüsusi xidmətləri olan görkəmli alim və mütəxəssisləri təltif olunurlar. Əsasnamə Rəyasət Heyətinin qərarı ilə təsdiq edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB