Nazir: "Kommunal xərclərin artırılması barədə fikir səsləndirməmişəm"

Nazir: "Kommunal xərclərin artırılması barədə fikir səsləndirməmişəm"

"Kommunal xərclərin artırılması ilə bağlı Tariflər Şurasının münasibəti ilə tanış deyiləm. Yalnız onu deyə bilərəm ki, kommunal xərclərin artırılmısına fövqəladə hal kimi baxmaq lazım deyil. Vaxtaşırı tariflərin artırılması baş verir. Keçən iclasda enerji ilə bağlı bir misal gətirdim ki, sonuncu dəfə 2007-ci ildə enerjinin qiyməti artırılıb. Bu artımın üstündən artıq 7 il keçib. Həmin tarixdən sonra isə heç bir tarif artımı baş verməyib. Görünür, bu fikirlərim yanlış başa düşülüb. Bir daha qeyd edirəm ki, heç bir artım yoxdur". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında maliyyə naziri Samir Şərifov deyib.

Onun sözlərinə görə, enerji sahəsi ilə yanaşı, digər kommunal xərclər üzrə də tariflərimiz artmayıb: "Lakin 2007-ci ildən bu yana əmək haqqlarının həcmi 2,6 dəfə artıb, pensiyaların baza məbləği isə 2,5 dəfə çoxalıb. 2007-ci ildən başlayaraq minimum əmək haqqlarının artırılması ilə bağlı 7 dəfə, baza pensiyasının artırılması istiqamətində isə 6 dəfə qərar qəbul edilib. Bütün bunlar sadəcə statistikadır. Ona görə də nə vaxtsa bir söz deyəndə düşünməyin ki, hər hansı bir kommunal sahədə tariflər artacaq. Ümumiyyətlə, heç bir kommunal xərclərin artırılması barədə fikir səsləndirməmişəm. Sadəcə bir söz demişəm ki, kommunal xərclər üzrə tariflərin artırılmasına fövqəladə hal kimi baxmaq olmaz. Bəziləri kommunal xərclərin artırılmasının maddi imkanı zəif olanların vəziyyətinə mənfi təsir göstərəcəyini deyir. Onu qeyd etmək lazımdır ki, hər bir tarifin artımında dövlət tərəfindən maddi imkanları az olan ailələrə əlavə ünvanlı yardım göstərilir. Bunun vasitəsilə də maddi imkanı aşağı olan ailələrə kömək göstərilir. Bir sözlə, nə vaxtsa bununla bağlı Tarif Şurasından təkliflər olacaqsa, son sözü də elə Tarif Şurası deyəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə