Akif Əlizadə "Thomson Reuters" Agentliyinin nümayəndələrini qəbul edib FOTO

Akif Əlizadə "Thomson Reuters" Agentliyinin nümayəndələrini qəbul edib FOTO

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə "Thomson Reuters" Agentliyinin nümayəndələrini qəbul edib. AMEA Rəyasət Heyəti Mərkəzi aparatından SİA-ya verilən xəbərə görə, görüşdə Azərbaycan alimlərinin dünyada elmi informasiya institutu kimi məşhur olan xarici şirkətlə əməkdaşlıq təcrübəsinin artırılması imkanları müzakirə edilib.

AMEA rəhbəri bildirib ki, Azərbaycan elmi ictimaiyyətinin sözügedən qlobal elmi bazaya çıxış təcrübəsi o qədər də ürəkaçan deyil: "Təcrübənin azlığı ölkə alimlərinin elmi nailiyyətlərinin müəyyən qədər kölgədə qalmasına və beynəlxalq elm ictimaiyyətinə lazımi səviyyədə çatdırılmamasına gətirib çıxarıb".

"Thomson Reuters"in strateji əməkdaşlıq üzrə meneceri Filip Pörnel və departament rəhbəri Şahruz Şarifrazi Bakıya İnformasiya Texnologiyaları İnstitutunda təşkil olunmuş "Azərbaycanın qlobal elmi bazaya çıxışı" mövzusunda seminarla əlaqədar gəldiklərini qeyd ediblər. Seminarın gedişatından məmnunluqlarını bildirən qonaqlar tədbirin mövzusunun aktuallığından söz açıblar. "Thomson Reuters"də Azərbaycan alimlərinin məqalələri həqiqətən azlıq təşkil edir. Mövcud vəziyyət bu ölkənin yeraltı sərvətləri, yerüstü təbiəti, enerji ehtiyatları, coğrafiyası və digər sahələrdə məlumatlarına ehtiyac yaradıb. Qonaqlar bu çatışmazlığı aradan qaldırmaq istiqamətində AMEA ilə əməkdaşlıq etməyə hazır olduqlarını ifadə ediblər.

Akademik Akif Əlizadə və AMEA-nın akademik-katibi, AMEA-nın müxbir üzvü, professor Rasim Əliquliyev əməkdaşlıq təklifinə səmimi yanaşaraq "Thomson Reuters"in təcrübəsindən faydalanmağı önəmli hesab ediblər. Razılığa gəlinib ki, yaxın gələcəkdə beynəlxalq şirkətin mütəxəssisləri tərəfindən Azərbaycan alimlərinə qlobal elmi bazaya çıxış təcrübəsi keçilməsi məqsədi ilə xüsusi təlim, seminar və kurslar təşkil olunsun. Bu cür tədbirlərin ABŞ və Türkiyədə, həmçinin internet vasitəsi ilə keçirilməsi nəzərdə tutulub.

Bütün bu təşəbbüslərin rəsmiləşdirilməsi və reallaşdırılması məqsədi ilə "Thomson Reuters"in rəhbərliyini Azərbaycana dəvət etmək, bu işləri respublika hökumətinin dəstəyi ilə planlaşdırmaq məqsədəuyğun hesab edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə