"Təmiz Şəhər" ASC tərəfindən Balaxanı poliqonunda aparılan işlərin ətraf mühitə təsirini qiymətləndirmək məqsədilə 2013-cü ilin iyul-sentyabr ayları üzrə aparılmış ekoloji monitorinqlər yekunlaşıb. SİA-ya verilən məlumata görə, aparılan monitorinqlər nəticəsində Balaxanı poliqonu ərazisində ekoloji vəziyyətin sağlamlaşdırılmasında müsbət dinamika müşahidə edilib.
2013-cü ilin III rübü üzrə hava, su və torpaq səth örtüyündə aparılan monitorinqlər Balaxanı poliqonunda ekoloji vəziyyətinin xeyli yaxşlaşdığını göstərir. Hava nümunələrinin monitorinqi göstərir ki, PM10 tozlarının miqdarı azalıb və 2013-cü ilin III rübündə 0,01 mq/kq təşkil edir. HF (Hidrogen-flüorid), CO (Dəm qazı), SO2 (kükürd qazı) və HCl (Hidrogen-xlorid) qazlarının miqdarı 2013-cü ilin I və II rübləri ilə müqayisədə artmayıb və yol verilən qatılıq həddindədir.
Poliqonda aparılan işlər nəticəsində su nümunələrinin kimyəvi analizi civə (Hg), xrom (Cr) və qalay (Sn) kimi elementlərin miqdarının azaldığını və yol verilən qatılıq həddini aşmadığını göstərir.
Bundan başqa, poliqonda torpağın tərkibində ağır metalların azalma tendensiyası müşahidə olunur. Belə ki, aparılan analizlər zamanı poliqondan götürülən torpaq nümunələrində ağır metalların miqdarının yol verilən qatılıq həddində olduğu müəyyən edilib. Ağır metalların torpaqda azalması uzun sürən bir proses olmasına baxmayaraq, 2010, 2011, 2012-ci illərin nəticələri ilə müqayisədə torpaqda ağır metalların nəzərə çarpacaq dərəcədə azalması müşahidə olunub.
Qeyd edək ki, ekoloji monitorinqin nəticələri ictimaiyyətə açıqdır və bununla bağlı ətraflı məlumatı Səhmdar Cəmiyyətin ofisində fəaliyyət göstərən Məlumat və Resurs Mərkəzindən əldə etmək olar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB