Giresun Universitetinin "Karyera Yönləndirmə və Bilgiləndirmə Araşdırma və Tətbiqetmə" Mərkəzi tərəfindən "Qənirə Paşayevadan 10 karyera önərisi" adlı seminar təşkil edilib. SİA-nın məlumatına görə, Siyasi elmlər üzrə fəlsəfə doktoru Qənirə Paşayeva Giresun Universitetində uğurlu karyeranın qurulmasından danışıb. Giresun Universitetinin Rektorluq binasında baş tutan seminarda universitetdə təhsil alan içərisində azərbaycanlıların da olduğu xeyli tələbə iştirak edib.
Tədbiri giriş sözü ilə açan Giresun Universitetin rektoru Aygün Attar universitetdə təhsil alan tələbələrin uğurlu karyera qura bilməsinin vacibliyini vurğulayıb: "Mən rektor olmaqla yanaşı eyni zamanda da anayam. Mənim universitetdə təhsil alan övladlarım var. Nəinki onların, Giresun Universitetində təhsil alan bütün tələbələrimin karyeraları barədə fikirləşirəm. Hətta bu qənaətə gəlmişəm ki, karyera qurmaq üçün lazım olan əsas şey güvəndir. İnsan özünə güvənməyi bacarmalıdır. Güvən özü ilə bərabər uğuru da gətirir".
Məruzəçi kimi çıxış edən millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü, Siyasi elmlər üzrə fəlsəfə doktoru Qənirə Paşayeva karyeranın formalaşmasını mərhələli proses adlandırıb.
Çıxışını tələbələrlə qarşılıqlı müzakirə şəklində aparan millət vəkili sonda Azərbaycan həqiqətləri, Dağlıq Qarabağın Ermənistan tərəfindən işğal edilməsindən bəhs edib: "Mən ermənilərlə sərhəd ərazidə doğulub, böyümüşəm. Gəncliyimiz müharibə dövrünü əhatə edib". Millət vəkili "İnşallah bu kimi tədbirləri birlik və bərabərlik içində işğaldan azad edəcəyimiz Dağlıq Qarabağda yenidən quracağımız universitetlərimizdə təşkil edək" deyə çıxışının sonunda deyib.
Sonda Qənirə Paşayevaya Giresun Universiteti rəhbərliyi tərəfindən xatirə plaketi təqdim edilib. O da öz növbəsində Azərbaycanın filosofu Seyid Yəhya Bakuvinin "Şəfa əl Əsrar" kitabını və özünün müəllifi olduğu kitabları Giresun Universitetinin kitabxanasına bağışlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB