Moldovalı ombudsman Şəhidlər Xiyabanını ziyarət edib

Moldovalı ombudsman Şəhidlər Xiyabanını ziyarət edib

Azərbaycanda səfərdə olan moldovalı ombudsman Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının mərkəzi qərargahında və Qarabağ Araşdırmalar Mərkəzində olub. SİA-nın məlumatına görə, moldovalı ombudsman Aureliya Qriqoriu Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının üzvləri ilə birgə Şəhidlər Xiyabanına gedib ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçən qəhrəman vətən övladlarının xatirəsini ehtiramla yad edib. Məzarları üzərinə tər çiçəklər düzüb, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyub.

"BMT Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatların qətnamələrinə baxmayaraq, Ermənistan hələ də Azərbaycan ərazilərini işğal altında saxlayır" Bu fikirləri Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının rəhbəri Bayram Səfərov Aurelia Qriqoriu ilə görüşdə deyib.

"Xocalı soyqırımı ilə bağlı bəzi dövlətlər və beynəlxalq təşkilatlar iyirmi bir il ərzində susan, ikili mövqe nümayiş etdirsə də, moldovalı ombudsman İrəvanda rəsmi tribunadan tarixi həqiqətləri söyləməkdən çəkinməyib", - deyən Bayram Səfərov bildirib ki, xanım Aureliya Qriqoriu təcavüzkar ölkədə Azərbaycanın haqlı mövqeyini səsləndirməklə bir daha Ermənistanın işğalçı olmasını dünyaya sübut edib.

Bayram Səfərov həmçinin qeyd edib ki, A.Qriqoriu özündə cürət tapıb o sözləri Ermənistanda söyləyib. Dediyi sözlərin müqabilində moldovalı ombudsman Ermənistanda qeyri-insani hərəkətlərlə üzləşib. Azərbaycanda isə A.Qriqoriu xalqımızın mədəniyyətinin şahidi olub.

Milli Məclisin deputatları Elman Məmmədov və Rövşən Rzayev də moldovalı ombudsmanın Ermənistandakı çıxışından danışıblar. Azərbaycanın dost mövqeyini ombudsmana çatdıran Milli Məclisin deputatları Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda sülh yolu və beynəlxalq hüquq normaları çərçivəsində həllinə tərəfdar olduqlarını vurğulayıblar.

Milli Məclisin deputatı Rövşən Rzayev bildirib ki, A.Qriqoriu dünyada mövcud olan ikili standartlar haqqında fikirləri, bu barədə qətiyyətli mövqeyi, beynəlxalq hüquq prinsiplərinə arxalanması və böyük dövlətlərin bu münaqişəyə daha da diqqətlə yanaşılmasının tərəfində olduğunu göstərməsi Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasının bariz nümunəsidir.

A.Qriqoriu isə Xocalı soyqırımı ilə bağlı çıxışına görə nəinki İrəvanda, Moldovada da çoxsaylı təzyiqlərə məruz qaldığını, amma buna baxmayaraq, bir hüquq müdafiəçisi kimi sonadək mövqeyindən geri çəkilməyib üzərinə düşən vəzifəni şərəflə icra etdiyini diqqətə çatdırıb. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin daim diqqətdə saxlanılacağını deyən xanım A.Qriqoriu vurğulayıb ki, bundan sonra da bütün beynəlxalq konfranslarda da Azərbaycanın haqlı mövqeyi dünya ictimaiyyətinə çatdırılacaq.

Moldova ombudsmanı Aureliya Qriqoriu həmçinin qeyd edib ki, ki, mən məlum məruzəmi hazırlayanda erməni terroru ilə bağlı kifayət qədər məlumat toplamışdım: "Həmin məlumatlar da məruzəmdə yer almışdı. Təsəvvür edirsiniz çıxışım zamanı zalda olan bir çox nümayəndə heyəti çaşqınlıq içində idilər. Çünki onlar Dağlıq Qarabağ münaqişəsi barədə kifayət qədər məlumatlı deyildilər. Mənim çıxışımda məqsəd bu münaqişəyə bir daha diqqəti yönəltmək idi və hesab edirəm ki, məqsədimə nail oldum".

Görüşdə moldovalı ombudsman Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması tərəfindən fəxri diplomla təltif olunub.

Sonra qonaq Azərbaycan Respublikasının Prezident yanında Dövlət İdarəçilik Akademiyasındakı Qarabağ Araşdırmalar Mərkəzinin fəaliyyəti ilə tanış olub.

Qeyd edək ki, tədbirdə erməni terrorundan söhbət açan film də nümayiş olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə