III Bakı Beynəlxalq Humanitar Forumu iştirakçılarından bir qrupu Lənkəranda olub

Onlar “Yaşıl çay” fermer təsərrüfatının çay plantasiyalarına da baş çəkiblər
III Bakı Beynəlxalq Humanitar Forumu iştirakçılarından bir qrupu Lənkəranda olub

Noyabrın 2-də Üçüncü Bakı Beynəlxalq Humanitar Forumu iştirakçılarından bir qrupu Lənkəran rayonuna səfər edib. "Yaşıl çay" jurnalının məlumatına görə, 69 nəfərdən ibarət nümayəndə heyətinin tərkibinə ABŞ-ın, Almaniyanın, Rusiyanın, Türkiyənin, Bolqarıstanın, Efiopiyanın, Bosniya və Hersoqoveniyanın, İtaliyanın, Meksikanın, Pakistanın, Mərakeşin, Ukraynanın, Yaponiyanın, Kanadanın, Vyetnamın, Polşanın, Avstriyanın, Belarusun, Gürcüstanın, Türkmənistanın və Qırğızıstanın tanınmış dövlət və elm xadimləri daxildir.

Lənkəran Hava Limanında qonaqları rayonun rəhbər işçiləri qarşılayıblar.

Beynəlxalq Forumun iştirakçıları Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində Ümummilli Liderin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar və fotoşəkillərlə yaxından tanış olublar.

Nümayəndə heyəti Lənkəran şəhəri ilə tanışlıq zamanı Bayraq Meydanında olub.

Hirkan Milli Parkına ekskursiya edən qonaqlara cənub bölgəsinin flora və faunası barədə ətraflı məlumat verilib.

Üçüncü Bakı Beynəlxalq Humanitar Forumu iştirakçıları, həmçinin Lənkəran rayonunun "İstisu" qəsəbəsində "Yaşıl çay" fermer təsərrüfatının çay plantasiyasında, Hirkan qəsəbəsində sitrus və subtropik meyvə bağlarında yetişdirilən məhsullarla tanış olublar. "Yaşıl çay" fermer təsərrüfatının çay plantasiyasında olan qonaqlara təsərrüfatın rəhbəri Araz Yağubov çayın bitkisinin becərilməsi, kollara qulluq, yığım prosesi barədə ətraflı məlumat verib. Hindistandan, Rusiyadan, Gürcüstandan və digər ölkələrdən olan qonaqları maraqlandıran çoxsaylı sualları cavablandırıb. Qonaqlar xatirə olaraq çay kolları arasında çoxlu şəkillər çəkdiriblər. Sonda təsərrüfatın nəşri olan "Yaşıl çay" jurnalının ayrı-ayrı saylarından nümunələr xarici qonaqlara hədiyyə edilib.

Qonaqlar "Palma Life" hotelinin restoranında Lənkəran toyuq ləvəngisinin bişirilmə prosesini də böyük maraqla izləyiblər.

"Nənələr" folklor kollektivi Beynəlxalq Forumun iştirakçıları qarşısında konsert proqramı ilə çıxış edib.

S.Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə