Türkiyənin Nevşəhər bölgəsində "Azərbaycan-Türkiyə Qardaşlıq Gecəsi" keçirilib. SİA-nın məlumatına görə, milllət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB, Ürgüp FM radiosunun rəhbəri Ayşə Paslanmaz, Nevşəhər Bələdiyyəsi və Aşıq Şəmşir Mədəniyyət Ocağı İB-nin təşkilatçılığı ilə baş tutan gecədə Nevşəhər valisi Mehmet Ceylan, Nevşəhər bələdiyyə başçısı Hasan Üreven, millət vəkili Qənirə Paşayeva, çağdaş türk poeziyasının ustadlarından olan Yavuz Bülent Bakilər və çoxlu sayda insanlar iştirak ediblər.
Gecədə çıxış edən Nevşəhər Bələdiyyə başçısı Hasan Üreven Azərbaycan və Türkiyə əlaqələrinin möhkəm bağlarla bağlandığını dilə gətirib. Onun sözlərinə görə bu cür gecələrin təşkili dostluq və qardaşlığımızın göstəricisidir.
Bələdiyyə başçısından sonra çıxış edən jurnalist, şairə, Ürgüp FM radiosunun rəhbəri Ayşə Paslanmaz bu gecənin bir millət iki dövlət olan Azərbaycan və Türkiyənin birliyinə həsr olunduğunu bildirib. O, millət vəkili Qənirə Paşayevaya türk dünyasına göstərdiyi xidmətlərinə görə təşəkkürünü bildirib.
Daha sonra çıxış edən millət vəkili Qənirə Paşayeva hər iki ölkənin birliyinin göstəricisi olan gecədə birlik və qardaşlıq münasibətilə hər kəsi təbrik edib. O qeyd edib ki, Türkiyənin uğuru bizim və bütün türk dünyasının uğuru, bizim uğurumuz Türkiyənin və bütün türk dünyasının uğurudur: "Bu gözəl dövləti quran başda Böyük Qazi Mustafa Kamal Atatürk olmaqla bütün qaziləri və şəhidləri rəhmətlə anırıq".
Türkiyənin hər bir uğuruna Azərbaycanın uğuru kimi sevindiyimizi deyən millət vəkili bu ideoloji yolun əsasını Ümummilli lider Heydər Əliyevin qoyduğunu bildirib. O Türkiyənin hər zaman Azərbaycanın yanında olmasını yüksək qiymətləndirərək Azərbaycanın da hər zaman Türkiyənin yanında olduğunu deyib: "20 il bundan qabaq Azərbaycan torpaqlarının 20%- i Ermənistan tərəfindən işğal edilib və bu işğal bu gün də davam edir. İşğal nəticəsində 1 milyondan çox soydaşımız yurd-yuvasından didərgin düşüb. Onlar hələ də evlərinə dönə bilmədikləri üçün vətən həsrəti çəkir. Azərbaycan torpaqlarının Ermənistanın işğalından azad etmək və o insanların öz doğma torpaqlarına qayıtmağı üçün Azərbaycan və Türkiyənin güclərini birləşdirəcəyinə inanıram. İnşallah bu cür tədbirləri gələcəkdə Dağlıq Qarabağda, Xankəndidə, Şuşada, Kəlbəcərdə və digər o gözəl torpaqlarda qeyd edək".
Çıxışı zamanı gecə iştirakçılarına müəllifi olduğu "Qənirə Paşayeva ilə addım-addım Türk dünyası" kitabından danışan millət vəkili bu kitabda türk dünyasının müxtəlif bölgələri, onların tarixi haqqında yazdığını və Türkiyənin 6 bölgəsinin də kitabda yer aldığını bildirib.
Azərbaycan və Türkiyənin birliyindən bəhs edən gecədə millət vəkili Qənirə Paşayevanın rəhbərliyi ilə qardaş ölkəyə səfər edən Yazıçılar Birliyin bölüm rəhbəri Sərvaz Hüseyinoğlu, şairə Gülayə Rzayeva, Azərbaycanın Əməkdar Artisti bəstəkar-müğənni Elza Seyidcahan və Opera və səs sənətçisi İlham Əsgəroğlu da iştirak ediblər. Azərbaycan və Türkiyə sənətçiləri. ozanları konsert iştirakçılarına musiqi və poeziya dolu gecə bəxş ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB