Macarıstanının nümayəndə heyəti Bakıda səfərdə olublar

Macarıstanının nümayəndə heyəti Bakıda səfərdə olublar

2013-cü il mayın 9-da Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikasının işğal olunan Şuşa şəhəri ilə Macarıstan Respublikasının Gyöngyöş şəhəri arasında qardaşlaşma haqqında bəyanat imzalanıb. SİA-nın məlumatına görə, qardaşlaşma bəyanatının davamı olaraq cari ilin 29 oktaybr-2 noyabr tarixlərində Gyöngyöş şəhərinin Meri nümayəndə heyəti ilə Bakıya səfər ediblər. Nümayəndə heyətini Gyöngyöş şəhərinin meri Farago Laszlo, Macarıstanın Jobbik partiyasının nümayəndəsi Keves Tamas, VAMAV şirkətinin direktoru Sandor Ferenc, kənd təsərrüfatı məhsulları və heyvandarlıq sahəsi üzrə ekspert Szecsko Tamas təmsil edib.

Səfərin ilk günü nümayəndə heyəti Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icmasının nümayəndələri ilə birgə Zəngilan rayonun Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasının 20-ci ildönümünə həsr olunmuş anım mərasimində iştirak ediblər. Anım tədbirində nümayəndələr Zəngilanla bağlı əyani vəsaitlərlə tanış olmuş və tədbirə iştirak edən dövlət və hökumət nümayəndələri ilə görüşüblər. Anım tədbiri zamanı qonaqlar həmçinin Azərbaycan Respublikası Baş Nazirinin birinci müavini, Qaçqınların və Məcbur Köçkünlərin İşləri üzrə dövlət komitəsinin sədri Əli Həsənovla görüşüblər. Daha sonra qonaqlara Bakı şəhərinə tanışlıq məqsədi ilə geniş şəhər gəzintisi təşkil olunub, Bakının qədim və müasir arxitektura tikililərini özündə birləşdirən abidələri ilə tanış olublar.

Bundan əlavə, qonaqlar Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının və Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının birgə yaratdığı "Qarabağ Araşdırmalar Mərkəzi"ndə olublar. Qonaqlar Mərkəzin iş fəaliyyəti, mərkəzdə olan əyani və elektron vəsaitlərlə tanış olublar. Müxtəlif dillərdə 3000-dən çox kitabın cəmləşdiyi Mərkəzdə qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında daha ətraflı və dolğun məlumat verilib. Bununla yanaşı, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının Mərkəzi qərargahında İcmanın üzvləri ilə görüş keçirmiş və icmanın fəaliyyəti, iş prinsipi, görülmüş işlər və qarşıda duran məqsədlərlə ətraflı tanış olub, Macarıstanın bu məsələlərdə iştirakı ilə birgə əməkdaşlıq məsələləri müzakirə edilib, eyni zamanda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasının yolları və yeni üsulları qonaqlarla birgə müzakirə olunub.

Oktyabrın 31-də qonaqlar Bakı şəhəri Ramana qəsəbəsində yerləşən Dağlıq Qarabağdan olan məcburi köçkünlər üçün salınmış şəhərciyə səfər ediblər. Qonaqlar qəsəbədə məcburi köçkünlər üçün yaradılan şəraitlə yaxından tanış olmuş, həmçinin məcburi köçkün uşaqların təhsil aldığı orta məktəbin, Musiqi və Mədəniyyət məktəbinin fəaliyyəti ilə də yaxından tanış olub, məktəbin öz fəaliyyət dərnəyinin ifasında macarıstanlı qonaqlara Qarabağın zəngin mədəniyyətini özündə əks etdirən bədii kompozisiya nümayiş olunub. Daha sonra qonaqlar şəhərcikdə yaşayan ailələrdən birinin qonağı olub, məcburi köçkünlərə dövlətimizin göstərdiyi diqqət və qayğı ilə yerindəcə tanış olublar. Bununla yanaşı, qonaqlara erməni qəsbkarların dinc əhaliyə qarşı törətdikləri vandalizmlə bağlı məlumat verilib.

Səfərin son günü nümayəndə heyəti Şuşa rayon İcra Hakimiyyətinin və Dağlıq Qarabağın Azərbaycanlı İcmasının nümayəndələri ilə birgə Quba şəhərinə səfər edib və "Quba Soyqrımı Memorial Kompleksini" ziyarət ediblər. Son 200 ildə, eləcə də XX əsrin əvvəllərində xalqımızın başına gətirilən müsibətlər, o cümlədən 1918-ci ildə Qubada törətdiyi vəhşiliklərlə tanış olan qonaqlar, arxeoloji qazıntılar zamanı ortaya çıxan məzarlığı da ziyarət ediblər. Eyni zamanda, memorial kompleksdə hazırlanan yüksək səviyyəli əyani vəsaitlər sayəsində ermənilərin xalqımıza qarşı apardığı soyqırımı siyasəti haqqında daha geniş və dolğun məlumat ala biliblər. Qonaqlar kompleksdə xüsusi qonaqlar üçün ayrılan kitaba ürək sözlərini də qeyd ediblər. Həmçinin zəngin mədəniyyətə malik Qubanın tarixi ilə yaxından tanış olan qonaqlar Quba şəhərində fəaliyyət göstərən "Qədim Quba" xalça sexini ziyarət edib, burada Azərbaycanın öz qədim adət və ənənələrini özündə əks etdirən xalçalarla tanış olublar.

Səfərin sonunda yenidən Dağlıq Qarabağın Azərbaycanlı İcmasının üzvləri və Şuşa rayon İcra Hakimiyyətinin işçiləri ilə bir araya gələn qonaqlar səfərin əhəmiyyəti və bu əlaqələrin iki dost və qardaş ölkə arasında yaradacağı ikitərəfli geniş əlaqələrdən danışıblar. Ümumilikdə, səfərin çox məhsuldar keçməsini bildirən qonaqlar, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunacağını, Xocalı soyqırımının dünya ictimaiyyəti tərəfindən bir millətə qarşı törədilmiş soyqırım aktı kimi tanınacağını və məcburi köçkünlərin öz doğma yurd yuvalarına qayıdacaqlarına əmin olduqlarını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə