Astaranın Vovada kənd sakinlərinin təklifləri dinlənildi FOTOLAR

Astaranın Vovada kənd sakinlərinin təklifləri dinlənildi FOTOLAR

Astara rayonunun ən gözəl, mənzərəli guşəsində yerləşən Vovada kəndi payız fəslində daha füsunkar, daha yaraşıqlı olur. Kijəbə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyə daxil olan bu kənddə 237 təsərrüfat, 1147 nəfər əhali vardır. Əhalinin əsas məşğuliyyəti sitrusçuluq, arıçılıq və heyvandarlıqdır. SİA-nın Cənub bürosunun məlumatına görə, yeni tikilmiş Vovada kənd ibtidai məktəbin həyətində toplaşan kənd sakinləri onlarla görüşə gələn rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayevi, inzibati orqanların və bir sıra idarələrin rəhbərlərini hərarətlə qarşılayıblar.

Kijəbə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndə Rəfael Babayev kənd haqqında məlumat verdikdən sonra rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev kənd sakinlərini salamlayaraq, 9 oktyabr Prezident seçkilərində fəal və mütəşəkkilliklə iştirak etdiklərinə görə təşəkkürünü bildirib.

Kənd sakinlərindən Nəci Əliyev, Hesab Fərziyev, Pənah Rzayev, Sahib Məmmədov, Camal Baxşıyev və başqaları çıxış edərək ulu öndər Heydər Əliyev siyasətini uğurla davam etdirən ölkə prezidenti möhtərəm cənab İlham Əliyevin müdrik siyasətini dəstəklədiklərini və onun ətrafında sıx birləşdiklərini, xüsusən Deqədi-Pəlikəş avtomobil yolunun tikintisi barədə möhtərəm Prezidentin Sərəncamına görə müdrik ölkə başçısına təşəkkür və minnətdarlıqlarını ifadə ediblər.

Çıxış edənlər Vovada kəndinə qaz xəttinin çəkilişi, elektrik təsərrüfatının, xüsusən, dirək və naqillərin təmiri, ərazidə tibb məntəqəsinin yaradılması barədə təkliflərini veriblər.

Rayon icra hakimiyyətinin başçısı Q.Ağayev görüşdə çıxış edərək kənd sakinlərinin qaldırdıqları məsələlərə həssaslıqla yanaşılacağını və imkan daxilində həmin problemlərin həlli ilə əlaqədar konkret tədbirlərin görüləcəyini bildirib. İcra başçısı ölkədə və rayonda son 10 ildə həyata keçirilən geniş abadlıq, və quruculuq işlərindən bəhs edərək qeyd edib ki, əgər bu gün ölkəmizdə və onun hüdudlarından kənarda müxtəlif məzmunda irimiqyaslı layihələr həyata keçirilirsə, sürətli inkişaf və tərəqqi ilə dünya dövlətlərinin diqqətini cəlb edə biliriksə bu müstəqil dövlətimizin böyük iqtisadi potensiala və gücə malik olduğunu göstərir. Bu gün ölkədə tikilən səhiyyə ocaqları, idman və mədəniyyət mərkəzləri, böyüməkdə olan gənc nəslə belə gözəl, yaraşıqlı məktəbin hədiyyə edilməsi, yaşayış məntəqələrinin qazlaşdırılması, mürəkkəb relyefə malik, dağlıq ərazilərdə yerləşən ucqar kəndlərə asfalt yolların çəkilməsi də ölkəmizin real gücündən xəbər verir.

Fərdi təsərrüfatlarda yetişən sitrus meyvələrinin bolluğunun ürək açan olduğunu bildirən icra başçısı məhsulun bazara çıxarılmasında sakinlərə lazımi köməkliyin göstəriləcəyini bildirib.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə