Bu gün Göyçayda təşkil olunan sayca VIII nar bayramı möhtəşəmliyi ilə əvvəlkilərdən fərqlənib. Dövlət və hökumət nümayəndələrinin, Milli Məclisin deputatlarının, xarici ölkələrin Azərbaycandakı səfirlərinin, diaspor nümayəndələrinin, beynəlxalq təşkilat əməkdaşlarının qatıldıqları möhtəşəm nar festivalı təbii sərvətimizin, milli adət-ənənələrimizin əyani nümayişinə çevrilib. Narla bağlı müxtəlif yarış və müsabiqələrin təşkili xüsusilə yaddaqalan olub.
Nar bayramının iştirakçıları Heydər Əliyev prospektində musiqi sədaları altında qarşılanıb. Onlara yerli müəssisələrin istehsalı olan nar şirələri paylanılıb. Festivalın əsas qəhrəmanı olan Nar şahzadəsi meydana daxil olaraq qonaqları salamlayıb, xalqımıza əmin-amanlıq, bol ruzi–bərəkət arzulayıb. Tədbir iştirakçıları rayonun 30-a yaxın kəndinin nar və nar məhsullarından ibarət sərgisi ilə tanış olublar. Meydanda təşkil olunmuş kitab sərgisi, əl işləri və qədim sənət növləri maraqla izlənilib, idmançıların, kəndirbazların, pəhləvan və sehrbazların, folklor rəqs və musiqi qruplarının, meyxanaçıların, xor kollektivinin bir-birini əvəz edən çıxışları bayramı daha da yaddaqalan edib. Qonaqlar və ictimaiyyətin nümayəndələri ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etdikdən sonra mərasimin rəsmi hissəsi başlanılıb.
Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov bildirib ki, Prezident İlham Əliyevin xeyir-duası ilə artıq səkkizinci dəfədir ki, təşkil edilən bu məhsul bayramı böyük əhəmiyyət kəsb edir. Çünki bu festival Göyçayda narçılığın inkişafına təkan verib. Mütəxəssislərin qənaətlərinə görə, bu il bağlara göstərilən yüksək aqrotexniki qulluq və havaların əlverişli keçməsi bol məhsul yetişdirilməsinə zəmin yaradıb. İlkin hesablamalara görə, cari ildə məhsuldarlıq 45 min tona yaxın olacaqdır. Ötən il isə fermerlər və fərdi təsərrüfat sahibləri 40 min 342 ton nar tədarük ediblər. Məhsulun 40 faizi Rusiya, Ukrayna və Gürcüstanın bazarlarına çıxarılıb. Göyçayda narçılığa olan maraq ildən-ilə artır, yeni və məhsuldar nar sortlarının yetişdirilməsi, təzə bağların salınması istiqamətində tədbirlər görülür. Son iki ildə rayonda 450 hektar sahədə yeni nar bağı salınıb. Bağlarda əsasən "Gülövşə", "Vələs", "Şəndi", "Şirin", "Bala Mürsəl" nar sortları əkilib. İstehsal müəssisələri isə ilbəil imkanlarını genişləndirirlər. Bayram tədbirində Milli Məclisin deputatı Elton Məmmədov, Çinin ölkəmizdəki səfiri Xun Tsyuin çıxış edərək nar bayramının yüksək əhəmiyyətə malik olduğunu qeyd edib.
Sonra yeni ailə quran gənclərə, "qızıl toy"u olan cütlüyə, eləcə də 2006-cı ildə ilk dəfə nar bayramının keçirildiyi gündə dünyaya gələn və bu gün 8 yaşını qeyd edən iki uşağa xatirə hədiyyələri təqdim olunub, ən xoş arzularını bildiriblər. Qonaqlar tədbir boyu isti təndir çörəyinə, nardan hazırlanmış məhsullara, motal pendiri, yuxa, kətə və döşəməli plova qonaq ediliblər. Festivalda müxtəlif müsabiqələr də keçirilib. Ən böyük və kiçik narın sahibinə, giləsini yerə salmadan ən tez nar yeyən adama, ən sürətli nar şirəsi hazırlayana pul mükafatları verilib. Sonda Azərbaycan və Türkiyə incəsənət ustalarının iştirakı ilə bayram konserti keçirilib və atəşfəşanlıq olub.



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB