Nobel mükafatı laureatı BDU-da olub

Nobel mükafatı laureatı BDU-da olub

Bu gün Bakı Dövlət Universitetində (BDU) fizika üzrə Nobel mükafatı laureatı, professor Corc Smut ilə görüş keçirilib. Xəbər verilir ki, tədbirdə BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov bildirib ki, professor Corc Smut Üçüncü Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmiş məşhur alimlərdən biridir.

Forumun əhəmiyyətindən danışan rektor deyib ki, tədbir çərçivəsində keçirilmiş "dəyirmi masa"larda elmin müxtəlif sahələri üçün son dərəcə dəyərli və aktual məsələlər müzakirə edilib, dünyada əldə olunmuş elmi nailiyyətlər barəsində ətraflı məlumat verilib. Dünyanın məşhur alimlərinin, o cümlədən 15 Nobel mükafatçısının Bakıya gələrək zəngin təcrübələrini bir-birləri ilə bölüşdüklərini qeyd edən A.Məhərrəmov Forumda aparılan müzakirələrin öz bəhrəsini verəcəyinə əminliyini bildirib.

İnnovasiyaların tədris ilə əlaqələrindən söz açan rektor müxtəlif elm sahələri üzrə Nobel mükafatçılarının ölkəmizin ali məktəblərində mühazirələr oxuduqlarını söyləyib.

Daha sonra professor Corc Smut BDU-nun fizika və kimya fakültələrinin müəllim və tələbələri üçün mühazirə oxuyub. Məşhur alim tədbir iştirakçılarının mövzu ilə bağlı suallarını ətraflı cavablandırıb.

BDU-nun nanoaraşdırmalar laboratoriyasında olan qonaq burada aparılan elmi tədqiqat işləri ilə yaxından tanış olub, onları yüksək qiymətləndirib. Professor Corc Smut tədqiqat işlərinin elm tutumlu istehsal sahələri ilə əlaqələrinin qurulması istiqamətində məsləhətlər verib.

Universitetdə səmimi görüşdən razılığını bildirən amerikalı alim BDU-nun rəhbərliyinə və kollektivə minnətdarlığını çatdırmış, uğurlar arzulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə