Üçüncü Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı, Nobel mükafatı laureatı xanım Ada Yonat (İsrail) noyabrın 2-də Azərbaycan Tibb Universitetində (ATU) olub. Görüşdə çıxış edən ATU-nun rektoru, Milli Məclisin deputatı, akademik Əhliman Əmiraslanov forumda müzakirə edilən mövzuların aktuallığından danışıb.
Bildirib ki, forum çərçivəsində noyabrın 1-də keçirilən "dəyirmi masa"da "Klinik təbabətdə molekulyar biologiya", "Hüceyrə transplantologiyasının bioloji və klinik aspektləri", "Müxtəlif xəstəliklərin müalicəsində gen terapiyasının imkanları" mövzularında müzakirələr aparılıb. Tədbirdə tibb sahəsi üzrə son dərəcə aktual məsələlərlə bağlı fikir mübadiləsi aparılmış, bu sahədə dünyada əldə olunmuş nailiyyətlər barədə məlumat verilib.
Rektor diqqətə çatdırıb ki, Nobel mükafatı laureatı A.Yonatın "dəyirmi masa"da "Bakterial dərman rezistentliyi ilə mübarizədə irəliləyiş" mövzusunda məruzəsi maraq doğurub.
Akademik Ə.Əmiraslanov israilli Nobel mükafatçısının elmdə əldə etdiyi nailiyyətlərdən də danışıb. Bildirib ki, 2009-cu ildə molekulyar biologiya sahəsində sanballı tədqiqatlarına görə Nobel mükafatı alan Ada Yonat UNESCO-nun "Elmdə qadın" nominasiyasında "L OREAL" mükafatına da layiq görülüb.
Rektor Ə.Əmiraslanov Nobel mükafatı laureatı Ada Yonata universitetin "Fəxri qonaq" diplomunu təqdim edib.
Diskussiya şəklində keçən görüşdə Ada Yonat universitetin müəllim və tələbələrinin suallarını cavablandırıb. Müasir dövrdə antibiotiklərə qarşı müqavimətin artmasından, dərman həssaslığından danışan Nobel mükafatçısı vurğulayıb ki, bu problemlərin aradan qaldırılmasında əczaçılıq şirkətlərinin üzərinə böyük vəzifələr düşür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB