Ölkəmizin mədəni həyatında mühüm əhəmiyyət kəsb edən III Beynəlxalq Humanitar Forum çərçivəsində Azərbaycana səfər etmiş xarici ölkə nümayəndələrinin bir qismi Bakı Slavyan Universitetinin (BSU) qonağı olub, müəllim və tələbə kollektivi ilə görüşüblər. BSU-nun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Rusiyanın tanınmış ədəbiyyatşünası və tərcüməçisi, Moskva Dövlət Linqvistiq Universitetinin Ədəbiyyat kafedrasının müdiri, Rusiya yazıçılar birliyinin üzvü, filologiya elmləri doktoru, prof. A.P.Bondarevlə maraqlı görüş baş tutub.
Görüşdə çıxış edən prof. A.P.Bondarev dəfələrlə Bakıda olduğunu qeyd edib: "Bu dəfəki gəlişimin səbəbi III Beynəlxalq Humanitar Forumdur. Forumda çıxış etdiyim mövzu "Polisentrizm- çoxmədəniyyətliliyin dialoji forması kimi". Nizami Gəncəvinin "Leyli və Məcnun" əsəri haqqında yazdığım məqalə sizin universitetin dərc etdiyi "Русский язык и литература в Азербайджане" jurnalında çap olunub".
Qonaq MDLU-da fəaliyyət göstərən Azərbaycan dili və mədəniyyət mərkəzi barədə danışıb. Vurğulayıb ki, bu gün MDLU-da Azərbaycan dili ikinci xarici dil kimi tədris edilir.
Bu görüşlər çərçivəsində Rusiyanın Ural Federal Universitetinin professoru Aleksandr Nesterov, Rusiya Elmlər Akademiyasının Dünya Tarixi İnstitutunun professoru Mixail Talalay və Piemonte Şərq Universitetinin (İtaliya) professoru Stefania Sini də BSU-da olublar. Qonaqların iştirakı ilə "Azərbaycanlılar II Dünya müharibəsində" mövzusunda dəyirmi masa keçirilib. Mixail Talalay İtaliyada işıq üzü görəb "Azərbaycanlılar II Dünya müharibəsində" kitabı haqqında məlumat verib və bildirib ki, II Dünya müharibəsi illərində əsir düşmüş azərbaycanlıların taleyindən bəhs edir. Kitabda həmvətənlərimizin faşizmə qarşı Müqavimət hərəkatında İtaliya partizanlarına köməkliyindən və kütləvi şəkildə qırğına məruz qalmalarından danışılır.
Görüşün sonunda qonaqlar iştirakçıların çoxsaylı suallarını cavablandırıblar və gənclərlə faydalı görüş imkanı əldə etdiklərinə görə Beynəlxalq Forum çərçivəsində bölməyə həmsədrlik edən BSU-nun rektoru, prof. K.M.Abdullayevə təşəkkürlərini bildiriblər. Qonaqlara BSU-nun xatirə hədiyyələri təqdim edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB