“Xarici pasportların” verilməsi qaydaları dəyişdi

“Xarici pasportların” verilməsi qaydaları dəyişdi

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 17 iyul tarixli Fərmanına uyğun olaraq, cari il sentyabr ayının 1-dən elektron daşıyıcısı olan ümumvətəndaş pasportlarının verilməsinə başlanılan, əhalinin rahatlığının, vətəndaş məmnunluğunun təmin edilməsi üçün bir sıra digər təşkilati-praktik addımlar atılıb. DİN-dən SİA-ya verilən məlumata görə, məhz vətəndaş məmnunluğunun təmin edilməsi və sözügedən əsasnamənin tələblərinin icrası məqsədilə Daxili İşlər Nazirliyinin rəhbərliyi bu istiqamətdə əlavə tədbirlərin görülməsi barədə müvafiq göstəriş verib. Həmin göstərişə uyğun olaraq, bundan sonra ümumvətəndaş pasportları şəxsin yaşayış yeri üzrə qeydiyyatından asılı olmayaraq Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin bütün regional mərkəzlərində veriləcək.

Dövlət başçısının bilavasitə diqqəti və qayğısı sayəsində şəxsiyyəti təsdiqləyən sənədlərin verilməsi yönündə vətəndaşlara ən yüksək standartlar səviyyəsində xidmətin göstərilməsi məqsədilə Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin 9 regional mərkəzləri üçün yeni inzibati binalar tikilmiş və zəruri avadanlıqlarla, ən müasir texniki vasitələrlə təchiz olunub. Onu da qeyd etmək yerinə düşər ki, ötən iki ayda 44 minə yaxın ölkə vətəndaşı şəxsiyyəti təsdiqləyən müvafiq sənədlərlə təmin olunub.

Qeyd edək ki, müvafiq xidmətin operativlik, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında həyata keçirilməsi üçün bütün zəruri tədbirlər görülür.

Bütün xəbərlər Facebook səhifəmizdə