“Qloballaşan informasiya məkanında medianın aktual məsələləri” mövzusunda “dəyirmi masa” keçirilir

“Qloballaşan informasiya məkanında medianın aktual məsələləri” mövzusunda “dəyirmi masa” keçirilir

Bu gün "Kempinski Badamdar" otelində Üçüncü Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində "Qloballaşan informasiya məkanında medianın aktual məsələləri" mövzusunda dəyirmi masa işə başlayıb.

Dəyirmi masanın gündəliyindəki məsələlər - "Yeni texnologiyalar və müasir media", "KİV və sivilizasiyalar arasında dialoq: mədəniyyətlərin qütbləşməsindən qarşılıqlı əlaqələrə və tolerantlığa doğru", "Ənənəvi jurnalistika və sosial şəbəkələr" hər biri ayrıca paneldə müzakirə olunur.

Tədbiri açan Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc-ın) baş direktoru Aslan Aslanov gündəliyə daxil edilmiş məsələlər barədə məlumat verib. Baş direktor "dəyirmi masa"nın medianın tamamilə yeni növü olan sosial jurnalistikada yüksək texnologiyaların tətbiqi, habelə müasir KİV-lər qarşısında çağırışların nəzərdən keçirilməsi məsələlərinə həsr edildiyini bildirib.

Rusiyanın İTAR-TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmanın moderatorluq etdiyi birinci paneldə müasir medianın yeni texnologiyaların tətbiq edilməsi üçün əlverişli zəmin olması məsələləri müzakirə olunub.

Bu paneldə Böyük Britaniyanın "Allting Ltd." şirkətinin sədri, şair, dramaturq Devid Perri, ABŞ-ın Kolumbiya Universitetinin Yaxın Şərq İnstitutunun dosenti Devid Kemeron Katel, Türkiyənin Anadolu Agentliyinin baş direktoru Kamal Öztürk, Rumıniyanın AGERPRES Agentliyinin Baş direktoru Aleksandru Giboy, Qazaxıstanın Kazinform Agentliyinin Baş direktoru Dauren Diyarov, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dekanı, professor Şamil Vəliyev məruzələrlə çıxış ediblər.

İkinci və üçüncü panel iclaslarında isə müxtəlif xalqlar, irqlər, mədəniyyətlər, dinlər və sosial qruplar arasında qarşılıqlı anlaşmanın daha da aktuallaşdığı yeni minillikdə insanların bir-birini daha yaxşı tanımaları və başa düşmələri məsələsində, dözümlülüyün möhkəmlənməsində jurnalistikanın rolu, ənənəvi informasiya sənayesi ilə sürətlə inkişaf edən sosial media arasında əlaqələr müzakirə olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə