TXDDF-in Bakı nümayəndəliyi yaradılıb

TXDDF-in Bakı nümayəndəliyi yaradılıb

Rusiyada fəaliyyət göstərən Türkdilli Xalqlara Dövlət Dəstəyi Fondunda Bakı nümayəndəliyi yaradılıb. SİA-nın məlumatına görə, bu barədə Heydər Əliyev adına Beynəlxalq Azərbaycan Forumunun Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mirkazım Seyidov Jurnalist Qadınlar Assosiasiyasının həyata keçirdiyi görüşdə məlumat verib. O bildirib ki, nümayəndəlik Heydər Əliyev adına Beynəlxalq Azərbaycan Forumunun maliyyə dəstəyi ilə yaradılıb.

Fondun Rusiyanın Novosibirsk şəhərində yaradıldığını xatırladan M.Seyidovun sözlərinə görə, elə bu səbəbdən də fondun beynəlxalq layihələr həyata keçirməsi üçün bəzi sazişlər var ki, tezliklə bu sazişlər əsasında layihələrin reallaşdırılmasına başlanacaq: "Belə ki, gələcəkdə nümayəndəlik təkcə Forumun maliyyə dəstəyi ilə deyil, ayrı-ayrı şəxslərin və beynəlxalq layihələrin həyata keçirilməsindən əldə olunan maliyyə hesabından da qaynaqlanacaq. İlk layihəmizə fevral ayında başlayacağıq. Fondda təkcə Azərbaycan deyil, 17-18 türkdilli xalqların nümayəndələri təmsil olunur. Bundan əlavə Fondla slavyan ölkələrinin nümayəndələri də əməkdaşlıq edir".

Daha sonra Fondun həyata keçirəcəyi işlər haqqında məlumat verən M.Seyidov vurğulayıb ki, fondun fəaliyyətində "Xocalı soyqımı", Qarabağ problemləri ilə bağlı bir sıra işlər xüsusi yer tutur: "Hər il olduğu kimi 2014-cü ilin fevral ayında "Xocalı soyqırımı" ilə bağlı sərgi keçiriləcək. Lakin bu sərgi digərlərindən fərqlənərək daha geniş şəkildə reallaşdırılacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə