“Təhsildə vətəndaş cəmiyyətinin rolu”

“Təhsildə vətəndaş cəmiyyətinin rolu”

Bu gün Bakı Slavyan Universitetində (BSU) Milli Qeyri Hökumət Təşkilatları Forumunun təşəbbüsü ilə "Aktual problemlərin ictimai müzakirəsi" layihəsi çərçivəsində "Təhsildə vətəndaş cəmiyyətinin rolu" mövzusunda seminar keçirilib. SİA xəbər verir ki, seminarda çıxış edən Milli Qeyri Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni rəhbərlik etdiyi struktur barədə tədbir iştirakçılarına məlumat verib. O bildirib ki, hazırda Milli Qeyri Hökumət Təşkilatları Forumu ətrafında birləşən QHT-lərin bir çoxu ölkənin təhsil sektorunun inkişafı istiqamətində müəyyən layihələr hazırlayır, tədbirlər təşkil edirlər. Forumun prezidenti qeyd edib ki, ölkənin təhsil sektorunda müəyyən uğurların əldə edilməsinə baxmayaraq hələ də təhsil sistemində çatışmazlıqlar və problemlər mövcuddur: "Dövlət tərəfindən ölkənin təhsil sisteminin inkişaf etdirilməsi, təhsildə dünyanın nüfuzlu ölkələrinin təhsil sahəsində əldə etdikləri uğurların tətbiqi istiqamətində addımlar atılır, lazımi tədbirlər həyata keçirilir. Lakin hesab edirəm ki, Azərbaycan təhsilinin inkişafında vətəndaş cəmiyyətinin də özünə məxsus rolu və yeri olmalıdır. Təhsildə vətəndaş cəmiyyətinin rolu sistemdə şəffaflığın yaradılmasından, savadlılığın dərəcəsinin artmasından və digər faktorlardan ibarətdir".

Seminarda iştirakçılar tərəfindən təhsildə valideynlərin rolu, ölkədə müəllim nüfuzunun yüksəldilməsi, təhsil prosesində şəffaflığın təmin edilməsi kimi irəli sürülən problemlər müzakirə edilib.

Qeyd edək ki, Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə keçirilən seminarda BSU-nun müəllim və tələbə kollektivi, QHT-nın nümayəndələri iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə