Səbail rayon İH və Bakı şəhər Prokurorluq binasının yeni görünüşü

Səbail rayon İH və Bakı şəhər Prokurorluq binasının yeni görünüşü

Bu ilin sentyabr ayında Üzeyir Hacıbəyov küçəsi 66 ünvanında yerləşən Səbail rayon İcra Hakimiyyətinin və Bakı şəhər Prokurorluğunun binasının da müasir şəkildə üzlənərək yenidənqurulması başa çatdırılıb. SİA-nın məlumatına görə, sovetlər dövründə bu binada rayon partiya icraiyə komitələri yerləşib. Daha sonra binadan başqa təyinatlar üçün istifadə olunub, 2009-cu ildə isə binaya əlavə mərtəbə tikilib. Ötən illərdə binada əsaslı təmir işləri aparılmayıb.

Əsaslı təmir zamanı binanın tamamilə yenidənqurulmasına başlanılıb. 6 mərtəbəli bina ilk növbədə dəmir-beton konstruksiyalar ilə möhkəmləndirilib, müasir dizaynlı dəmir dam örtüyü qurulub. Şəhərin mərkəzində, yəni "Sahil bağı"nın yanında yerləşən binanın fasadının ağ rəngli yerli tikinti materialları ilə üzlənməsi onun görkəminə xüsusi yaraşıq verir. Burada gecə işıqlandırılması sistemi qurulub. Bütün lazimi avadanlıq və sistemlərlə təchiz olunan binada yeni lift quraşdırılıb, eləcə də yeni kondisioner və istilik sistemləri qurulub. Binanın otaqlarının hamısı müasir tələblər səviyyəsində qurulub. Yeni mebel, texniki vəsaitlər və digər avadanlıqlar alınıb. Binada pilləkən və foyeyə qranit və mərmər döşənib. Bütün pəncərə və qapılar müasir materiallardan düzəldilən yenilərilə əvəz olunub. Binadakı kommunikasiya və rabitə xətləri yeniləşib, sanitariya qovşaqları əsaslı təmir olunub.

Binanın girişində Ulu öndər Heydər Əliyevin büstü qoyulub. İş otaqları, iclas və konfrans zallarında, interyerdə Avropa ölkələrində istehsal olunmuş materiallardan istfadə edilib. Rayon İcra Hakimiyətinin birinci mərtəbəsində böyük iclas zalı əsaslı təmir olunub. Yeni kondisioner və istilik sistemi quraşdırılıb, zalın daxili tərtibatında müasir materaillardan istifadə olunub. 200 yerlik zalda rayon və respublika əhəmiyyətli tədbirlərin keçirilməsi üçün lazımi şərait yaradılıb.

Binaya bitişik olaraq 6 mərtəbəli yeni korpus tikilib. Yeni korpusun 2-ci mərtəbəsində rayon İcra Hakimiyyəti üçün hər cür texniki imkanlara malik olan konfrans zal yaradılıb. Bu zaldan rayon İcra Hakimiyyətində yaradılmış olan onlayn video qəbulların həyata keçirilməsi nəzərdə tutulub. Sakinlən binaya gəlmədən qəsəbə İcra nümayəndəliklərinə müraciət edərək onları maraqlandıran məsələlərlə bağlı rayon İcra Hakimiyyətinin Başçısı və digər məsul şəxslərlə birbaşa video əlaqə yarada biləcəklər.

Binada rayonun bütün ərazisi üzrə vahid elektron xəritə-məlumat bazası yaradılıb. Sistem rayon təsərrüfatının idarə olunmasında yeni texnoloji vasitə kimi tətbiq edilməyə başlanılıb. Elektron xəritənin köməyi ilə planlaşdırma aparılır və həyata keçirilən işlər haqqında operativ məlumatlar əldə edilir. Yeni tikilən korpusun digər mərtəbələrində isə 9 saylı Xəzinədarlıq İdarəsi yerləşib və burada idarənin fəaliyyəti üçün müvafiq şərait yaradılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə