Zəlimxan Məmmədli: “Saakaşvilinin hər hansı formada təqib olunmağı imkansızdır”
"Borçalı" İctimai Birliyinin sədri Zəlimxan Məmmədlinin Səs TV-yə müsahibəsi:
- Gürcüstanda keçirilən prezident seçkilərində "Gürcü arzusu" blokunun namizədi Georgi Marqvelaşvili qalib gəldi. Bir çox politoloqlar və Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili ölkəsinin çox ağır günlər gözlədiyini söyləyib. Bu barədə sizin fikrinizi öyrənmək istərdik.
- Gürcüstanda hakimiyyət dinc qaydada dəyişir. Əsas məsələ demokratik seçki mühiti və əldə olunan seçkinin nəticəsidir. Gürcüstanda baş verən nəticələr belə deməyə əsas verir ki, seçkilər tam demokratik keçib. Prezident seçkilərindəki əsas rəqiblər hazırkı prezidenti təbrik etdi. Bu o deməkdir ki, gürcü xalqının elitası idarə etməyi bacaran bir nəfəri seçdi. Xalqın iradəsi olan yerdə xalqın əleyhinə getmək qadağandır və qeyri-mümkündür. Əgər səsverməyə güvənərək Mixeil Saakaşvili və onun tərəfdarları seçkilərdən qələbə ilə çıxan Georgi Marqvelaşvilini təbrik etdilərsə, mən də bir Gürcüstan kökənli və Azərbaycan vətəndaşı olaraq bu hadisədən çox qürur duyuram. Xalq heç vaxt milli maraqları təhdid edən bir namizədə səs verməz. Mixeil Saakaşvili rüşvətsiz bir cəmiyyət qurmağa nail oldu.
- Bidzina İvanişvilini müsahibələrinin birində ermənilərə qarşı böyük məhəbbətindən danışıb. Onu da deyək ki, onlar eyni partiyanı təmsil edirlər. Bununla da erməni-gürcü əlaqələri normallaşa bilər və bu öz növbəsində Azərbaycan-Gürcüstan əlaqələrinə mənfi təsirini göstərə bilərmi?
- Hər ölkənin öz qonşu dövlətləri ilə siyasətini qurmaq imkanları var. Gürcüstanın Azərbaycan qarşısında o dərəcədə böyük öhdəliyi yoxdur ki, gürcü-erməni münasibətlərinə qadağa qoyulsun. Ancaq biz siyasətimizi elə qura bilərik ki, Gürcüstan parlamenti, siyasəti, xalqı bizim haqlı mövqelərimizi dəstəkləsinlər. Avropa Şurasının səsvermələrində, Avropa İttifaqı, Avropa Parlamentində, BMT Təhlükəsizlik Şurasında daha çox hallarda Gürcüstan Azərbaycanın milli maraqlarına uyğun məsələlərə səs verir. Gürcüstanın Ermənistandan hər hansı bir asılılığı yoxdur. Ermənistan Gürcüstana nə iqtisadi, nə mədəni, nə siyasi məsələlərdə dəstək göstərmək gücündə deyil. Yeganə 2 dövlət Azərbaycan və Türkiyə bu sahədə Gürcüstana dəstək vermək ixtiyarındadır. Buna görə də gürcü liderlər çalışmalıdır ki, sözügedən 2 dövlətlə münasibətlərə heç bir xələl gəlməsin. Yanlış bir addım təbii ki, liderlə yanaşı, dövlətin də süqutuna səbəb ola bilər. Biz regionda təhlükəsizlik üçün ən optimal variantları axtarırıq. Hesab edirik ki, ən normal variantlardan biri 3 dövlətin - Azərbaycan, Türkiyə və Gürcüstanın strateji müttəfiqliyidir.
- Bildiyiniz kimi ABŞ Mixeil Saakaşviliyə Gürcüstanı tərk etməyi məsləhət gördü. Bəzi mətbuat orqanları isə qeyd etdilər ki, Saakaşvili ona edilən məsləhətə qulaq asaraq ölkəsini tərk edib. Bu iddialar nə dərəcədə məntiqlidir?
- Mən tələsik qərar verməyin əleyhinəyəm. Çünki baş nazir Saakaşvilinin həbsi ilə bağlı bir çox bəyanatlar verib. Amma nəzərə alaq ki, həbs anlayışı Saakaşvili üçün qorxu mənbəyi deyil. Saakaşvilinin hər hansı formada təqib olunmağı imkansızdır. Saakaşvili də çox sadə formada əşyalarını iqamətgahdan yığaraq evinə apardı və jurnalistləri də başına yığaraq səhvlərini etiraf etdi. Hətta ərazi bütövlüyünü tam təmin etmədən prezidentlikdən getdiyi üçün də çox kövrəldi. Mən onun ölkəni tərk edəcəyinə inanmıram. Çünki hərbi qiyam baş verməyib və kənar üçüncü dövlətin müdaxiləsi olmayıb. Saakaşvili demokratiya, rüşvətsiz dövlətin tarixini yazdı. Həmçinin dinc qaydada hakimiyyəti təhvil verdi. Bu da təbii ki, böyük cəsarət tələb edir. Məncə vətəni oğru, rüşvətxor, xain, qanunsuzluqlar edən insan tərk edə bilər. Saakaşvilinin hakimiyyətdə olduğu müddətdə bu cür hadisələr olmayıb.
- Gürcüstanda yaşayan soydaşlarımızın yeni hakimiyyətdən gözləntiləri nədir?
- Konkret olaraq 1991-1992-ci illərdə tarixi yaddaşa zərər yetirilib. Daha sonra bizə aid kənd adlarımız əsassız olaraq gürcüləşdirilib. Həmçinin Qardabani və Saqrej rayonlarında soydaşlarımıza məxsus bir neçə min hektar torpaq sahəsi geri qaytarılmalıdır. Çünki, kəndli torpaqsız yaşaya bilməz. Soydaşlarımızın ən böyük istəyi də elə bunlardır.
Əvvəllər Borçalı türklərinin "Gedəni söyən, gələni öyən" kimi bir imici formalaşmışdı. Artıq bu imic bitib və bütün namizədlər Borçalı türkləri ilə işləyib, onun səsini hesablayırlar. Nəzərinizə çatdıraq ki, bizim səs gürcülərdən sonra ikincidir. Ümid edirəm ki, onlar verdikləri vədlərə əməl edəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB