Türkiyədə Bolu Bələdiyyəsinin təşkilatçılığı ilə şəhərdə I Koroğlu Festivalı keçirilib. SİA-nın məlumatına görə, Bolu bələdiyyəsinin başçısı Ələddin Yılmaz bildirib ki, bu işdə Türk dünyasının 5 ölkəsi ilə ortaq hərəkət ediblər. Koroğlunu Bolunun simvolu halına gətirməyi hədəfi alan festivalda ortaq qəhrəmanımız olan Koroğlu birliyin, ortaq dəyərlərin nümunəsi kimi təqdim olunub.
Türkiyə Baş nazirinin köməkçisi Bekir Bozdağ və Bolu şəhər rəsmiləri ilə yanaşı Azərbaycan-Türkiyə Dostluq Qrupunun üzvü, millət vəkili Qənirə Paşayeva, millət vəkili Aqil Abbas, müxtəlif türk cəmiyyətlərindən gələn şəxslər festivalda iştirak ediblər. Koroğlunun adını daşıyan festivalın təşkil olunmasında məqsəd türk dünyasının qəhrəmanı Koroğlunun dünyaya tanıdılmasıdır.
Festivala Türkiyənin Mehtər Musiqi Qrupunun çıxışı ilə start verilib. Abdullah Gülün festival barədə məktubu oxunduqdan sonra Bolu Bələdiyyəsinin başçısı Ələddin Yılmaz Koroğlu kimliyi haqqında məlumat verib. O, Koroğlunun dünyada məşhur olan Robin Quddan fərqlənmədiyini hətta onun qılıncla yanaşı digər əlində humanistliyin simvolu olaraq saz tutduğunu dilə gətirib.
Almaniyadan olan millәt vәkillәri Arif Ünal vә Raymond Roys, Bolu valisi Mustafa Kamal Kәskin, Bolu millәt vәkili Fәhmin Küpçü vә başqaları I Koroğlu Festivalında çıxış ediblәr. Onlar ortaq dəyərimiz olan Koroğlunun Bolu ilə bütünləşdiyini bu işin davamında daha böyük uğurların olacağını deyiblər.
Festivalda çıxış edən millət vəkili Qənirə Paşayeva bu gözəl bayramın Cümhuriyyətin qurulması ilə eyni ərəfəyə təsadüf etməsinin sevindirici hal olduğunu söyləyib: "Bir bayram digər bayram ilə üst-üstə düşür. Azərbaycanın ümummilli lideri Heydər Əliyev müstəqil olduğumuz ilk illərdə Azərbaycan və Türkiyəni bir millət iki dövlət adlandıraraq gəncliyin hansı amalla irəliləməyi göstərdi. Azərbaycan Prezidenti İlham Əliyev diasporla görüşəndə bir millətin iki diasporu olmur demişdi. Xaricdə yaşayan soydaşlarımız da bu düşünə ilə hərəkət etməlidir. Ona görə də hər kəsə qarşıdan gələn Cümhuriyyət bayramımız mübarək olsun deyirəm. Türkiyəmizə dünya var olduqca bu bayramı qeyd etməyi arzu edirəm. Çünki onun varlığı güclənməsi bizim güclənməmizdir. Biz müstəqilliyimizi qazandığımız ilk illərdə Türkiyənin varlığının dəstəyinin nə olduğunu görmüşük".
Açılış mərasiminin sonunda çıxış edən Baş nazirin müavini Bekir Bozdağ Koroğlunu ədalətin səsi adlandırıb: "Koroğlu dünyanın bir çox qəhrəmanları kimi məzlumun yanındadır. Fərqi isə bizə məxsus olmasındadır".
Koroğlunun yardımsevərliyinin xalqın yardımsevərliyi xalqın dəyərləri kimi qiymətləndirən nazir müavini bu ənənənin davamı olaraq Türkiyənin də Dağlıq Qarabağ məsələsində Azərbaycana hər zaman olduğu kimi dəstək olacağını bildirib.
"Koroğlu" abidəsi qarşısındakı məşəli alovlandırmasının ardından dövlət rəsmiləri və festival iştirakçıları orkestrın müşaiyəti ilə Atatürk abidəsinə doğru yürüş ediblər.
Azərbaycan, Qazaxıstan, Qırğızıstan kimi türk dünyasının müxtәlif ölkә vә cəmiyyətlərindən Boluya dәvәt olunan milli folklor qruplarının rәngarәng rәqslәri, mahnıları ilә festival davam edib. Bolu mərkəzi meydanında milli sәrgilәr nümayiş olunmaqla yanaşı Koroğlu filmlәrindәn parçalar göstәrilib, türk dövlətlərinin rəqsləri nümayiş etdirilib.
Festivala "Koroğlu" filminin Rövşəni Cüneyt Arkın, Nigarı Fatma Girik də qatılıb. Onlar mərkəzi meydanda xalqı salamlayaraq Nəcib Fazil Mədəniyyət Mərkəzindəki film nümayişinə qatılıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB