BŞGİBİ Qobustana ekskursiya təşkil edib

BŞGİBİ Qobustana ekskursiya təşkil edib

Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən "Qobustan Dövlət Tarixi Bədii Qoruğu"na Bakı şəhərində yerləşən müxtəlif ali təhsil müəssisələrində (Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Texniki Universiteti, Bakı Asiya Universiteti, Mədəniyyət və İncəsənət Universiteti, Maliyyə İqtisad Kolleci, Müəllimlər İnstitutu, Azərbaycan Dövlət Neft Akademiyası və s) təhsil alan tələbələrin ekskursiyası təşkil edilib.

İdarənin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, qoruğun bələdçisi tələbələrə məlumat verib ki, Qobustan Azərbaycanın qədim tarixinin yadigarlarından biridir. Qoruq bu ərazinin üst paleolit və mezolit dövrlərinin ilk ovçu qəbilələrinin, neolit dövrünün ilk maldarlarının məskəni olmasını sübut edən abidədir. Ərazidə aparılmış tədqiqatlar nəticəsində mindən çox qayanın üzərində altı mindən artıq təsvir qeydə alınıb. Burada 40-dan artıq kurqan aşkar olunub və 105 mindən çox maddi-mədəniyyət nümunəsi tapılıb. Qobustan qayalarında insan, heyvan, kollektiv əmək, qayıq şəkilləri, döyüş və ov səhnələri təsvir edilib. Oyma, sürtmə, çapma və cızma üsulları ilə çəkilən təsvirlərin ən qədimləri eramızdan əvvəl VIII minilliyə aiddir. Tələbələr qoruqla bağlı tam məlumatlandırdıqdan sonra, onlar qoruq ərazisində yerləşən qədim rəsm nümunələrinə baxış keçiriblər.

Ekskursiyanın keçirilməsinin əsas məqsədi istedadlı və yaradıcı gənclərin asudə vaxtlarının səmərəli təşkili, tarixi-bədii qoruqlarımızın gənclərə tanıdılması, gənclərə dövlət qayğısının artırılmasından ibarət idi.

Bütün xəbərlər Facebook səhifəmizdə