"Bulla-dəniz" yatağındakı 90 nömrəli quyuda baş vermiş qəzanın aradan qaldırılmasında digər dövlət qurumları ilə birlikdə fəal iştirak etmiş Dövlət Sərhəd Xidmətinin bir qrup əməkdaşı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) fəxri fərmanları ilə təltif olunub.
Bu gün ARDNŞ-in prezidenti Rövnəq Abdullayev fəxri fərmanları təqdim etmək məqsədi ilə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində (DSX) olub. Cari ilin avqustunda Xəzər dənizinin Azərbaycan sektorundakı "Bulla-dəniz" yatağında 90 nömrəli quyuda baş vermiş açıq fontanla əlaqədar yaranmış qəzanın aradan qaldırılması zamanı ekstremal şəraitdə yüksək fədakarlıq və peşəkarlıq göstərmiş DSX-nin əməkdaşlarının fəaliyyəti haqqında film nümayiş etdirilib.
Tədbirdə çıxış edən ARDNŞ-in prezidenti Rövnəq Abdullayev dəniz akvatoriyalarında baş verən texnogen qəzaların aradan qaldırılmasının bütün dünyada mürəkkəb əməliyyatlardan olduğunu söyləyib. O, Azərbaycan mütəxəssislərinin bu çətin işin öhdəsindən layiqincə gəldiyini, quyunun xilas olunduğunu, sistemə qoşulduğunu və hazırda istismar edildiyini bildirib, sərhədçilərin yüksək peşəkarlıqla həyata keçirdikləri tədbirlərin əhəmiyyətini vurğulayıb.
DSX-nin rəhbərliyinə və şəxsi heyətinə çoxminli neftçilər ordusu adından minnətdarlığını bildirən Rövnəq Abdullayev qeyd edib ki, quyudakı qəzanın təhlükəsiz və operativ aradan qaldırılmasında fəal iştirak edib, yanğının söndürülməsi ilə əlaqədar xüsusi tapşırığa cəlb edilmiş sərhəd xidmətinin əməkdaşları ARDNŞ-in fəxri fərmanları və pul mükafatları ilə təltif olunublar. O bildirib ki, sərhəd xidmətinin digər əməkdaşları ilə birlikdə qəza yerində onlara bilavasitə rəhbərlik etmiş DSX-nin rəisi, general-leytenant Elçin Quliyev də ARDNŞ-in fəxri fərmanına layiq görülüb.
ARDNŞ-in prezidenti Rövnəq Abdullayev general-leytenant Elçin Quliyevə, eləcə də general-mayor Əfqan Nağıyevə, polkovnik-leytenantlar Zaur Əhmədova, Rasim Əliyevə və Dövlət Sərhəd Xidmətinin digər əməkdaşlarına ARDNŞ-in fəxri fərmanlarının vəsiqələrini təqdim edib. R.Abdullayev təltif olunanları təbrik edib, onlara işlərində müvəffəqiyyətlər arzulayıb.
Xidmətin rəisi, general-leytenant Elçin Quliyev ölkə iqtisadiyyatının dinamik inkişafında misilsiz xidmətləri olan neftçilərin əməyini yüksək qiymətləndirib, ARDNŞ ilə Dövlət Sərhəd Xidməti arasında əməkdaşlığın gündən-günə daha da möhkəmləndiyini söyləyib. O vurğulayıb ki, "Bulla-dəniz" yatağındakı qəzanın aradan qaldırılması işində sərhədçilər vaxtilə Dövlət Neft Şirkəti tərəfindən DSX-yə təmənnasız verilmiş gəmilərin gücündən istifadə ediblər. E.Quliyev hərbi əməkdaşlıq sahəsində ARDNŞ-in xidmətlərini qeyd etmiş və şirkət rəhbərliyinə təşəkkür elan edib. O, Azərbaycanın bütün sərhədləri kimi, ulu öndər Heydər Əliyevin qalibiyyətli neft strategiyasının həyata keçirilməsində müstəsna əhəmiyyət daşıyan dəniz yataqlarının mühafizəsinin sərhəd qoşunları tərəfindən bundan sonra da yüksək səviyyədə təşkil olunacağını bildirib.




Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB