YAP Nizami rayon təşkilatının gəncləri Zəngilanın işğalı günü ilə bağlı aksiya keçirib
Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının gəncləri Zəngilan rayonunun Ermənistan tərəfindən işğal edilməsinin 20-ci ildönümü ilə bağlı aksiya keçirib.
Aksiyada iştirak edən gənclər Ermənistanın işğal siyasətini ifşa edən dövlət siyasətindən, Prezident İlham Əliyevin "hücum diplomatiyası"ndan, ölkəmizin xarici siyasətinin prioritetlərindən danışıblar.
Aksiyada eyni zamanda, Ermənistanın işğalı nəticəsində Azərbaycan torpaqlarına vurulmuş zərərlər haqqında danışılıb.
Diqqətə çatdırılıb ki, 1988-ci ildən 1993-cü ilin noyabrınadək düşmənə baş əyməyən, yağı hücumlarına sinə gərən, yüzlərlə şəhid verən Zəngilan işğala məruz qalan ən sonuncu rayon olub.
Qubadlı və Cəbrayıl rayonlarının işğalı nəticəsində mühasirəyə düşən Zəngilan əhalisi çıxış yolunu Araz çayından İran ərazisinə keçməkdə görüb. Əks təqdirdə ikinci bir Xocalı hadisəsinin baş verməsi qaçılmaz olacaqdı.
Zəngilan Birinci Qarabağ müharibəsində 188 şəhid verib, bu günədək rayonun 44 sakini itkin düşmüş sayılır.
Bakı-Culfa-Naxçıvan dəmiryolunun üzərində yerləşən bu rayon mühüm strateji əhəmiyyətə malikdir. İşğal olunmazdan əvvəl bir şəhər, bir qəsəbə və 83 kənddən ibarət olan Zəngilanda 9 məktəbəqədər müəssisə, 19 ibtidai məktəb, 15 orta məktəb, bir texniki peşə və musiqi məktəbi, 35 kitabxana, 8 mədəniyyət evi, 23 klub müəssisəsi və 22 kinoqurğu var idi.
Bütün Avropada ən böyük çinar meşəsi də bu rayonda idi. İndi düşmən baltasına tab gətirə bilməyən həmin çinarları ermənilər doğrayaraq xarici ölkələrə satırlar. Digər qiymətli ağaclar, molibden, mərmər, qızıl, qranit və digər yeraltı sərvətlər də hazırda ermənilər tərəfindən talan edilir.
Rayon ərazisində 1974-cü ildə yaradılan Bəsitçay Dövlət Təbiət Qoruğunun bərbad vəziyyətə salındığı barədə məlumatlar var. Qoruq ərazisindəki qiymətli ağacları kəsib-doğrayan ermənilər onlardan mebel sənayesində istifadə etməkdədirlər.
Zəngilanın ərazisi arxeoloji və memarlıq abidələri ilə də zəngindir. Onlardan ən böyüyü "Şəhri Şərifan" adı ilə tanınan orta əsr şəhərinin xarabalıqlarıdır.
Bütün bu faktları nəzərə alaraq, YAP Nizami rayon təşkilatının gəncləri bu günədək Ermənistanın beynəlxalq hüquq və normalar çərçivəsində cəzalandırılmamasından təəssüf hissi keçirdiklərini söyləyiblər.
Aksiyanın sonunda Ermənistanın işğal siyasətini pisləyən gənclər təcavüz faktının aradan qaldırılması üçün beynəlxaq təşkilatların və Azərbaycandakı ayrı-ayrı ölkələrin səfirliklərinə elektron məktublar göndəriblər. Məktubda bir daha qeyd olunub ki, indi doğma yurd-yuvalarından didərgin düşmüş zəngilanlılar ölkəmizin müxtəlif rayonlarında yaşayırlar. Digər məcburi köçkünlər kimi zəngilanlılar da dövlət qayğısı ilə əhatə olunublar, onların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində də mühüm tədbirlər görülüb. Lakin bu diqqət zəngilanlılara doğma ocağa qayıtmaq arzusunu unutdurmayıb, öz dədə-baba yurdlarına qayıtmaq ümidlərini daha da artırıb. Onlar Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Zəngilana qayıdacaqları günə inanırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB