Bu gün "İnternews" Azərbaycan İctimai Birliyinin dəstəyi ilə "Qadın problemlərinin internet mediasında işıqlandırılması" mövzusunda tədbir keçirilib. SİA xəbər verir ki, tədbirdə "Mediaform" saytının baş redaktoru Azər Qaraçənli, tanınmış jurnalist, "Gündəlik Teleqraf" qəzetinin redaktoru Qurban Yaquboğlu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Təhsil Nazirliyinin nümayəndələri və media işçiləri iştirak edib.
Tədbirdə çıxış edən Azər Qaraçənli Azərbaycan qadınının problemləri və hüquqları barədə məlumat verib. O bildirib ki, kişilərin malik olduqları hüquqların bəziləri qadınlara verilib. Lakin hələ də qadınlar bəzi hüquqlardan məhrumdurlar: "Hazırda əsas məsələ qadınların hüquqlarının tam olmaması, gender bərabərliyinin cəmiyyətimizdə bütünlüklə tətbiq edilməməsidir".
Qurban Yaquboğlu isə qeyd edib ki, Azərbaycan qadınının problemləri hazırda iki istiqamətdədir: "Onlardan biri gündəlikdə olan qadın problemləridirsə, digəri gündəmə gətirilməyən, qeyri-müəyyən səbəblərdən ört-basdır edilən problemlərdir. Bundan başqa, son zamanlar Azərbaycan gündəmini qadınlarla bağlı qeyri-sağlam xəbərlər zəbt edir. Bu xəbərlər şişirdilməklə və mənfi tərzdə cəmiyyətə təqdim edilməklə nəinki mediaya, eyni zamanda Azərbaycan qadınına da zərbə vurulur".
Tədbirin davamında mövzu ilə bağlı fikirlərini bölüşən dövlət qurumlarının nümayəndələri qadınların təhsil almaq, işləmək hüquqlarının kişilər tərəfindən məhdudlaşdırıldığını qeyd ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB