Naxçıvanda Beynəlxalq seminar öz işinə başlayıb

Naxçıvanda Beynəlxalq seminar öz işinə başlayıb

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun dəstəyi, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi, Azərbaycan Hüquqşünasları Konfederasiyası, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı və Almaniya Federal Ədliyyə Nazirliyinin Beynəlxalq Hüquq Əməkdaşlığı Fondunun təşkilatçılığı ilə Naxçıvan şəhərində "Naxçıvan Muxtar Respublikasında aparılan məhkəmə-hüquq islahatları. Hakimlər üçün Avropa İnsan Hüquqları Konvensiyasına dair" (Avropa İnsan Hüquqları Konvensiyasının 5-ci və 6-cı maddələrinə xüsusi diqqət yönəldilməklə) ikigünlük (28-29 oktyabr) Beynəlxalq seminar bu gün öz işinə başlayıb. SİA-ya verilən məlumata görə, Beynəlxalq seminarın açılış mərasimi başlamazdan öncə qonaqlar, milli və beynəlxalq ekspertlər Ümummilli lider Heydər Əliyevin abidəsi önünə əklil qoyublar və Ümummilli liderin ruhunu ehtiramla yad ediblər.

Tədbirin açılışında Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin sədri Ramiz Süleymanov Naxçıvan Muxtar Respublikasında aparılan Məhkəmə Hüquq islahatları barədə çıxış edib.

Naxçıvanda aparılan islahatlara diqqət çəkən Azərbaycan Hüquqşünasları Konfederasiyasının (AHK) İdarə Heyətinin sədri Azərbaycan Respublikası Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin Əli Hüseynli qeyd edib ki, təqdirəlayiq haldır ki, vaxtı ilə Ümummilli lider Heydər Əliyev bu gün isə Prezident İlham Əliyevin apardığı islahatların məntiqi davamı olaraq Naxçıvan Muxtar Respublikasında da məhkəmə-hüquq islahatları bütün istiqamətlərdə davam edir.

AHK sədri Muxtar Respublikada aparılan işlərə və eyni zamanda qeyd olunan tədbirin yüksək səviyyədə təşkil olunmasında verdiyi dəstəyə görə Muxtar Respublikanın Ali Məclisinin Sədri Vasif Talıbova bütün təşkilatçılar adından minnətdarlığını bildirib. O, son zamanlar Naxçıvan MR-da məhkəmə-hüquq islahatlarının çox yüksək səviyyədə həyata keçirildiyini qeyd edib, qanunun aliliyinin qorunmasında Muxtar Respublikada aparılan işləri yüksək qiymətləndirib. Seminarın əhəmiyyətinə toxunan Əli Hüseynli qeyd edib ki, Naxçıvan MR-nın hakimlərinin və eyni zamanda hüquq mühafizə orqanlarının nümayəndələrinin də iştirak etdiyi Konfrans İnsan hüquqları üzrə Avropa Məhkəməsinin prezident hüququnun öyrənilməsi cəhətdən çox əhəmiyyətlidir.

Tədbirdə çıxış edən Almaniya Federal Ədliyyə Nazirliyinin Beynəlxalq Hüquq Əməkdaşlığı Fondunun Cənubi Qafqaz üzrə layihə rəhbəri Tereza Talhammer belə bir mötəbər beynəlxalq tədbirin Naxçıvan MR – da keçirilməsindən və özünün də ilk dəfə Naxçıvanda olmasından məmnun qaldığını bildirib. O, Almaniya Federal Ədliyyə Nazirliyinin ekspertlərini təqdim edərək, qonaqların da ilk dəfə Naxçıvan MR da olmasını vurğulayıb. Yüksək qonaqpərvərliyə və seminarın çox yüksək səviyyədə keçirildiyinə görə bütün təşkilatçılar adından minnətdarlığını bildirib.

Açılış nitqindən sonra "Konvensiyanın yaranma tarixi, məzmunu və beynəlxalq-hüquqi əhəmiyyəti", "Fərdi şikayətlər və bu şikayətlər üzrə icraat", "Konvensiya pozuntusunun yoxlanılması qaydası" mövzuları ətrafında məruzələr dinlənilib. Mövzu üzrə məruzələrlə Hüquq elmləri doktoru, Professor, Avropa Şurasının İşgəncələrin və qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın və ya cəzanın qarşısının alınması üzrə Komitəsinin sədri, Milli Məclisin Dövlət Quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri, AHK İdarə heyətinin üzvü Lətif Hüseynov, Federal Publik İdarəçilik İnstitutunun publik hüquq (dövlət və Avropa hüququ) üzrə professoru Mixaela Vittinqer çıxış ediblər.

Növbəti məruzələrin mövzusu "Avropa İnsan Hüquqları Konvensiyasının dövlətdaxili məhkəmələr üçün əhəmiyyəti", "Konvensiyanın dövlətdaxili hüquq sistemi üçün əhəmiyyəti və qanunvericilik sistemində iyerarxiya baxımından tutduğu yer", "Avropa İnsan Hüquqları Məhkəməsi qərarlarının məcburiliyi və təsiri" olub. Məruzələrlə Hüquq elmləri doktoru, professor, Avropa Şurasının İşgəncələrin və qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın və ya cəzanın qarşısının alınması üzrə Komitəsinin sədri, Milli Məclisin Dövlət Quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri, AHK İdarə heyətinin üzvü Lətif Hüseynov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin İnsan hüquqlarının müdafiəsi məsələləri sektorunun müdiri, AHK İdarə Heyətinin üzvü Çingiz Əsgərov, Almaniya Federal İnzibati Məhkəməsinin sabiq hakimi, tərkib sədri Otto Mallmann, AHK İdarə heyətinin üzvü, Milli Məclisin deputatı Qüdrət Həsənquliyev, AHK İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Fazil Mustafa çıxış ediblər.

Beynəlxalq seminarın nahardan sonrakı hissəsində "Avropa İnsan Hüquqları Konvensiyasında nəzərdə tutulan konkret təminatlar", "Konvensiyanın qoruma sferası, oradakı normaların tətbiqindən istisna hallar (nəzərdə tutulan hallarda)", "Konvensiyanın praktiki əhəmiyyəti (Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsindən praktiki misallara istinad olunmaqla)", "Avropa İnsan Hüquqları Konvensiyasının 5-ci maddəsi: Azadlıq və təhlükəsizlik hüququ. Bu normanın qoruma sferası (bu hüquqa müdaxilələrin yol verilməsi; Saxlama və azadlığın məhdudlaşdırılması üçün şərtlər; Təcili olaraq hakim qarşısına çıxarılma; Seçilmiş həbs qətimkan tədbirinin hakim tərəfindən yoxlanılması) adlı növbəti məruzələr dinlənilib. Məruzələrlə Federal Publik İdarəçilik İnstitutunun publik hüquq (dövlət və Avropa hüququ) üzrə professoru xanım Prof. Dr. Mixaela Vittinqer və Almaniya Federal İnzibati Məhkəməsinin sabiq hakimi, tərkib sədri cənab Otto Mallmann çıxış ediblər.

Daha sonra mövzular ətrafında müzakirələr aparılıb.

Qeyd edilən seminarda Naxçıvan MR Ali Məhkəməsinin hakimləri, rayon məhkəmələrinin hakimləri, Naxçıvan MR Prokuroru, Naxçıvan MR Ombudsmanı iştirak ediblər. Beynəlxaq seminarın ilk günü müzakirələrlə davam edib.

Beynəlxalq seminar oktyabrın 29-da davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə