Əkbər Qoşalı: "Türkiyə ilə Ermənistanın bir ittifaqda iştirakını təsəvvür etmək çətindir" MÜSAHİBƏ

Əkbər Qoşalı: "Türkiyə ilə Ermənistanın bir ittifaqda iştirakını təsəvvür etmək çətindir" MÜSAHİBƏ

Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı Əkbər Qoşalının SƏS TV-yə müsahibəsi:

- Türkdilli dövlətlərin əlaqələrinin inkişaf etdirilməsi üçün hansı tədbirlər görülür?

- Təəssüf ki, müstəqil türkdilli dövlətlərin hər biri ümumtürk məsələlərində eyni fikirli olmurlar. Bir çox hallarda Türkdilli Ölkələrin Zirvə toplantılarında Özbəkistanın və Türkmənistanın dövlət başçıları iştirak etmir. Bundan başqa türkdilli dövlətlərin inkişaf səviyyələri də fərqlidir. Bu ölkələrdən 5-i SSRİ-nin tərkibində olduğu halda, Türkiyə Cümhuriyyəti tamamilə başqa ictimai-siyasi formasiyanın təzahürlərini özündə daşıyır. İstənilən məsələdə Azərbaycanla Türkiyənin ortaq məxrəcə gəlməsi və eyni mövqedən çıxış etməsi isə artıq bir modeldir. Viza məsələsi, alqı-satqı xidmətləri, ticarət dövriyyəsi və digər iqtisadi parametrlər üzrə türkdilli dövlətlər arasında yeni mexanizmlər qurulmalıdır. Bu ölkələrin hər birinin kifayət qədər inkişaf etməməsi, özünün həll etməli olduğu problemlərin mövcudluğu türkdilli ölkələrin birliyinə də ziyan verir. Son illər Azərbaycanın türkdilli dövlətlərin birliyi istiqamətində göstərdiyi səylər mərhələli olaraq ölkəmizin həm önəmli mövqedən çıxış etməsini, söz sahibi olmasını, həm də nümunə olaraq başqa dövlətlərdən gözləntilərimizi də ifadə edir.

- Türkiyənin Gömrük İttifaqına qoşulması təklifi səsləndirilib. Buna münasibətiniz?

- Azərbaycan Avrasiya İttifaqına qoşulmayan, balanslaşdırılmış siyasət yeridən, qonşu dövlətlərə və dünyaya barış əlini uzadan, mədəniyyətlər arası dialoqlara meylli ölkədir. Gömrük ittifaqına qoşulmayan bir ölkə olaraq Azərbaycan bu məsələdə yüz ölçüb bir biçməlidir. Azərbaycan bu günə qədər xalqın maraqlarını təmin etməyən heç bir ittifaqa qoşulmayıb, bu sahədə indiyə qədər ölkə rəhbərliyi tərəfindən aparılan siyasət şəksiz ki, müsbət istiqamətdədir. İkitərəfli və ya çoxtərəfli sazişlərin nizamlanmasında Azərbaycan prezidentinin məsələyə münasibətdə qeyd edəcəyi məqamlar nəzərə alınmadıqca hər hansısa bir ittifaqa qoşulmağımız barədə söhbət gedə bilməz. Azərbaycanın ərazisini işğal altında saxlayan bir ölkə ilə eyni ittifaqda yer almaq ölkəmizə müsbət nə vəd edəcək? Bu məsələdə ilk növbədə Ermənistan və onun himayədarı işğal rejiminin aradan qaldırılması üçün addım atmalıdır. Azərbaycanı Ermənistanla eyni ittifaqda təsəvvür etmək nə qədər çətindirsə, Türkiyə ilə Ermənistanın da bir ittifaqda tərəf mövqeyində yer almasını təsəvvür etmək bir o qədər çətidir. Çünki hazırda Ermənistanın Türkiyəyə qarşı ərazi iddiaları davam edir.

- Prezident İlham Əliyev andiçmə mərasimində çıxış edərkən Dağlıq Qarabağ münaqişəsinin həlli üçün mümkün olan bütün vasitələrdən istifadə olunacağını bildirib. Bu məsələyə türkdilli ölkələrin münasibətilə bağlı nə deyə bilərsiniz?

- Dağlıq Qarabağ məsələsində nəinki türkdilli ölkələr, eləcə də digər dünya ölkələri həqiqəti bilir. Sadəcə olaraq rəsmilər hər dəfə bu həqiqəti ifadə etmirlər. Lakin bu gün regionda Azərbaycanın mövqeyi öyrənilmədən, onun fikirləri nəzərə alınmadan heç bir layihə reallaşdırılmır. Hesab etmirəm ki, dünya ölkələri Dağlıq Qarabağ həqiqətlərini görmür və ya qəbul etmir. Biz davamlı şəkildə Azərbaycan torpaqlarının azad edilməsi məsələsini və Xocalı Soyqırımının dünyaya tanıdılmasını, işğalçı dövlətin hələ də cəzasız qalmasını gündəmdə saxlayırıq. Düşünürəm ki, Azərbaycan bu məsələdə doğru yoldadır və həqiqətləri bundan sonra da lazımi tribunalarda səsləndirəcəyik.

Bütün xəbərlər Facebook səhifəmizdə