“Braziliya-Azərbaycan: nailiyyətlər və perspektivlər” adlı konfrans keçirilib

“Braziliya-Azərbaycan: nailiyyətlər və perspektivlər” adlı konfrans keçirilib

Azərbaycan Respublikasının Braziliyadakı Səfirliyinin təşəbbüsü ilə Rio de Janeyro Federal Universitetində Braziliya-Azərbaycan diplomatik münasibətlərinin qurulmasının 20 illiyinə həsr olunan "Braziliya-Azərbaycan: nailiyyətlər və perspektivlər" adlı konfrans keçirilib. SAM-dan SİA-ya verilən məlumata görə, tədbiri giriş sözü ilə açan səfir Elnur Sultanov 20 ildə Azərbaycan-Braziliya münasibətlərində siyasi, iqtisadi və mədəni sahələrdə əldəolunan nailiyyətlər barədə ətraflı məlumat verib. Səfir son zamanlar ikitərəfli təmaslarda müşahidə olunan dinamikanı vurğulayaraq hərtərəfli əməkdaşlıq üçün geniş potensialın olduğunu qeyd edib.

Daha sonra Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin şöbə müdiri, professor Vüsal Qasımlı "Azərbaycan: inkişaf edən iqtisadi güc" adlı təqdimat edib. O, tədbir iştirakçılarına Azərbaycanın surətli iqtisadi inkişafı, ölkəmizin aparıcı rolu ilə həyata keçirilən irihəcmli layihələrlə bağlı ətraflı məlumat verib.

Daha sonra Universitetin beynəlxalq münasibətlər fakültəsinin professoru Aleksand Jebit çıxış edib və Braziliya-Azərbaycan münasibətlərinin inkişafından məmnunluğunu bildirib.

Tədbirdə həmçinin çıxış edən Rio de Janeyro Federal Universitetinin beynəlxalq münasibətlər kafedrasının əməkdaşı Paulo Henrike də bu yaxınlarda Braziliyada Azərbaycan Respublikasının Braziliyadakı səfirliyi və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilən "Mən Azərbaycan haqqında nə bilirəm?" adlı inşa müsabiqəsinin uğurlu nəticələrindən söz açmıb və baş tutmuş bu kimi digər layihələrdən danışıb.

Qeyd edək ki, tədbirdə müəllim və tələbə heyəti, o cümlədən Braziliya Xarici işlər nazirliyinin nümayəndəsi də iştirak edib.

Tədbirin sonunda iştirakçılara Azərbaycanın tarixini, mədəniyyətini, müasir inkişafını və digər sahələri əks etdirən materiallar paylanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə