Gürcüstanda Seyid Yəhya Bakuvinin 550 illik yubileyinə həsr edilən tədbir keçirilib FOTO

Gürcüstanda Seyid Yəhya Bakuvinin 550 illik yubileyinə həsr edilən tədbir keçirilib FOTO

2013-cü ilin YUNESKO tərəfindən Seyid Yəhya Şirvani (Bakuvi) ili elan edilməsi ilə əlaqədar Seyid Yəhya Bakuvi irsinin tanıdılması və təbliği istiqamətində Gürcüstanda Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin və Gürcüstan Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Azərbaycanlıların kompakt yaşadığı Marneuli şəhərindəki AtaHoldinq Mərkəzində Seyid Yəhya Bakuvinin 550 illik yubileyinə həsr edilən tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Seyid Yəhya əş-Şirvani əl-Bakuvi irsinin Gürcüstanda yaşayan soydaşlarımıza daha yaxından tanıdılması məqsədilə Mehmet Rıhtım tərəfindən Azərbaycan dilində hazırlanıb oxucuların ixtiyarına verilən "Seyid Yəhya əş-Şirvani əl-Bakuvi və Şəfa əl Əsrar" ("Sufiliyin sirləri") adlı kitabın təqdimatı keçirilib.

Tədbirdə çıxış edən Marneulidəki Azərbaycanlıların Mədəniyyət Mərkəzinin sədri Fazil Həsənov tədbirdə iştirak edən qonaqları soydaşlarımıza təqdim edib.

Sonra çıxış edən millət vəkili, Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Qənirə Paşayeva 2013-cü ildə UNESCO-nun Baş Konfransının 36-cı sessiyasında Seyid Yəhya Bakuvinin 550 illik yubileyinin dünya səviyyəsində qeyd edilməsi haqqında qərar qəbul edildiyi barədə məlumat verib. O, Seyid Yəhyanın qəbrinin Bakıda, İşərişəhərdəki Şirvanşahlar sarayının yanında dəfn edildiyini və onun türbəsi də olduğunu bildirib: "Bakuvi Azərbaycanın o qədər böyük şəxsiyyətidir ki, UNESCO 2013-cü ili dünyada onun adı ilə "Bakuvi ili" elan edib. Osmanlı sultanlarının səksən faizi Bakuvi yolunun davamçıları olub. Azərbaycanda da Şirvanşahlar özlərini Bakuvi davamçıları olaraq görüblər. Bakuvi Azərbaycan tarixinin böyük mədəniyyətinin çox önəmli bir hissəsidir. Seyid Yəhya Bakuvi Xəlvətilik cərəyanının əsaslarını qoyan bir insan olub. O, insanın mənəvi sağlamlığını, şəxsiyyət kimi formalaşmasının modelini yazan insan olub".

Millət vəkili Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın ilk türk qadını kimi UNESCO-nun xoşməramlı səfiri olduğunu və onun xeyirxah təşəbbüsü ilə bu təşkilatda Qobustanın, Novruz bayramının, aşıq musiqisinin, muğamımızın adı təsdiqləndiyini və indi də Çövkan oyununun təsdiq edilməsində böyük işlər görüldüyünü bildirib: "Məhz buna görə də bu ilin Seyid Yəhya Bakuvi kimi böyük şairi, dünya şöhrətli alimi ilk növbədə biz azərbaycanlılar tanımalıyıq. Düşünürəm ki, Bakuvinin əsərlərini oxuyan və bu kitablardan otuz faiz ibrət götürən gənclərimiz zərərli insan ola bilməz" .

Tədbirdə Qənirə Paşayeva Seyid Yəhya Şirvani irsinin Gürcüstanda yaşayan soydaşlarımız və gənc nəsillərə daha yaxından tanıdılması məqsədilə "Şəfa əl Əsrar" kitabı Gürcüstandakı Azərbaycan məktəbləri ilə yanaşı, kitabxanalara, mədəniyyət evlərinə hədiyyə olunacağını bildirib.

Tədbirdə çıxış edən AYB-nin Aran bölməsinin sədri, "Ədəbiyyat qəzeti"nin şöbə müdiri Sərvaz Hüseynoğlu, Şairə Gülayə Rzayeva, müğənni Elza Seyidcahan, vokalçı İlham Əsgəroğlu və başqaları böyük alimlərin Azərbaycan tarixində və ədəbiyyatında görkəmli yer tutan Seyid Yəhya Bakuvi yaradıcılığı haqqında ürək sözlərini bildiriblər.

Qeyd edək ki, tədbir iştirakçılarının hər birinə Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB tərəfindən "Seyid Yəhya əş-Şirvani əl-Bakuvi və Şəfa əl Əsrar" kitabı hədiyyə olunub. Həmçinin Gürcüstandakı məktəblərə, kitabxanalara, mədəniyyət evlərinə, qeyri-hökumət təşkilatlarına təqdim olunması üçün Gürcüstan Azərbaycanlılarının Mədəniyyət Mərkəzinə də bağışlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə