“Vergi dostları” layihəsi çərçivəsində Qubada növbəti tədbir keçirilib

“Vergi dostları” layihəsi çərçivəsində Qubada növbəti tədbir keçirilib

"Vergi dostları" layihəsi çərçivəsində Quba rayonunda növbəti tədbir keçirilib. SİA-nın Şimal bürosunun verdiyi məlumata görə, tədbirdə çıxış edən vergilər nazirinin müşaviri Ələkbər Məmmədov kənd və qəsəbələrdə "Vergi dostları" şəbəkəsinin yaradılması barədə məlumat verib. O bildirib ki, indiyədək respublikada 1151 nəfər müəllimə müvafiq təlim keçirilib və onlara "vergi dostu" sertifikatları təqdim olunub.

Ə.Məmmədovun sözlərinə görə, "vergi dostu" olan şəxs yaşadığı ərazidə əhali arasında vergilərə dair məlumatlandırma, maarifləndirmə və təbliğat işlərini həyata keçirir, vergi sistemində tətbiq olunan elektron xidmətlər barədə vergi ödəyicilərini məlumatlandırır, uşaq və gənclərə vergilərin əhəmiyyətini izah edir.

Tədbirin sonunda Təhsil Nazirliyinin dəstəyi ilə seçilən Quba, Qusar və Şabran rayonlarının ümumtəhsil məktəblərinin təlimi müvəffəqiyyətlə başa vuran 101 nəfər müəlliminə "vergi dostları" sertifikatı, "vergi dostu"nun yaddaş kitabçası və kompyuterlər verilib.

Qeyd edək ki, tədbirdə Quba, Qusar və Şabran rayonlarının icra hakimiyyətinin və digər dövlət qurumlarının nümayəndələri, Vergilər Nazirliyinin və 3 saylı ƏVİ-nin rəhbər vəzifəli şəxsləri də iştirak ediblər.

Emin Kərimov

Bütün xəbərlər Facebook səhifəmizdə