Ağcabədidə "Heyvan Sağlamlığı Konfransı" keçirilib

Ağcabədidə "Heyvan Sağlamlığı Konfransı" keçirilib

"Aqro" İnformasiya Mərkəzinin Ağcabədi rayonunda yerləşən ofisində "Heyvan Sağlamlığı Konfransı" təşkil olunub. SİA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, toplantıda Aqro İnformasiya Mərkəzi və İsveçrənin HEKS-EPER təşkilatı tərəfindən Ağcabədi və Beyləqan rayonlarında həyata keçirilən "Heyvandarlıq resurslarına və bazarlarına çıxışın təmin olunması" layihəsinin birinci fazasının yekun hesabatı müzakirə olunub.

Konfransda baytarlıq müdaxiləsi çərçivəsində icra olunan fəaliyyətlər, baytarlıq şəbəkəsinin yaradılması, baytar və feldşerlərə keçirilən nəzəri və praktiki təlimlər, digər tərəfdaşlarla yaradılan əlaqələr, baytarlıq məntəqələri, müxtəlif təcrübə mübadiləsi səfərləri, feldşerlər üçün "Məktəbə qayıdış" kursları, kəndlərdə icra olunan müxtəlif tədbirlər, birgə maliyyələşmə fəaliyyətləri, baytarlıq məsləhət xətti, hazırlanan informasiya təbliğat materialları və digər işlər ətrafında fikir mübadiləsi aparılıb.

HEKS-EPER təşkilatının direktor müavini Ceyhunə Hüseynova bildirib ki, layihə heyvandarlıq sahəsində beş müdaxilə üzrə həyata keçirilib. Layihənin fermerlərin bazarlara çıxışının təmin olunmasında böyük rolu olub. Layihənin gələcəkdə ətraf rayonlarda da tətbiqi nəzərdə tutulub.

Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə