21 oktyabr tarixindən Bakıda öz işinə başlayan BMT Təhlükəsizlik Şurası Model Konfransı bu gün müvəffəqiyyətlə başa çatıb. SİA-ya verilən məlumata görə, iki günlük konfrans öncəsi təlim seminarda BMT ekspertləri Təhlükəsizlik Şurasının iş prinsipləri, fəaliyyəti, qərarların qəbulu prosesi, beynəlxalq əməkdaşlıq və kibertəhlükəsizlik, beynəlxalq böhranların idarə olunması, Təhlükəsizlik Şurasının qətnamə və digər sənədlərinin hazırlanması mövzularında təqdimatlarla çıxış edib. Bu istiqamətlərdə iştirakçılarla maraqlı fikir mübadiləsi aparılıb. Təlim seminarında eyni zamanda Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin nümayəndələri də "Danışıqlar prosesində vasitəçilərdən istifadə" adlı təqdimat edib və konfrans iştirakçıları ilə bu mövzuda fikir mübadiləsi aparıblar.
İki günlük təlim seminardan sonra konfrans Azərbaycan Diplomatik Akademiyada BMT Təhlükəsizlik Şurasını simulyasiyalaşdırmaq üçün rol oyununa başlayıb. İki gün davam edən simulyasiya oyununda iştirakçılar model Təhlükəsizlik Şurasında kiber-təhlükəsizlik mövzusu əsasında debatlara qoşulan, yaranan böhran üzrə qərarlar verib və onların həlli yolları üçün ümumi çərçivə yaratmağa səy göstəriblər. Müzakirələrinin nəticəsində mövzu ilə bağlı yekun qətnamə verilib.
Sonda iştirakçılar tərəfindən qloballaşma prosesinin sürətləndyi bir dövrdə gənclərin qərarların qəbulunda bilik və bacarıqlarını artırılması, təcrübə mübadiləsini aparılması üçün davamlı olaraq bu cür beynəlxalq konfransların keçirilməsini xüsusi qeyd ediblər.
Rəsmi bağlanış mərasimində konfrans iştirakçıları Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və BMT-nin İnkişaf Proqramının Azərbaycan nümayəndəliyi tərəfindən beynəlxalq dərəcəli sertifikatla təltif ediliblər. Bundan sonra, BMT Təhlükəsizlik Şurasını təmsil edən ölkələrin nümayəndələri şəhərimizin əyləncə mərkəzlərinin birində mədəniyyət gecəsi təşkil edib.
Qeyd edək ki, BMT Təhlükəsizlik Şurası Model Konfransı Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və BMT-nin İnkişaf Proqramının "Qərarların qəbulu və dövlət gənclər siyasətinin icrasında gənclərin iştirakı" adlı birgə layihəsi çərçivəsində baş tutub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB