COOMET Regional Metrologiya Təşkilatının Texniki Komitəsinin iclası keçirillib

COOMET Regional Metrologiya Təşkilatının Texniki Komitəsinin iclası keçirillib

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Dövlət Metrologiya Xidmətinin təşkilatçılığı ilə Bakı şəhərində COOMET Regional Metrologiya Təşkilatının Texniki Komitəsinin 2 günlük iclası keçirilib. Komitədən SİA-ya verilən məlumata görə, "İnformasiya və təlim" mövzusunda keçirilən iclasda yerli mütəxəssislərlə yanaşı, Rusiya, Ukrayna, Almaniya, Moldova, Özbəkistan və Tacikistanı təmsil edən nümayəndələr də iştirak ediblər.

İclasda açılış nitqi ilə çıxış edən Komitə yanında Dövlət Metrologiya Xidmətinin rəisi Oqtay Abbasov son illər ölkəmizdə ölçmələrin vəhdətinin təmin edilməsi, dövlət etalon bazasının təkmilləşdirilməsi, yeni dövlət etalonlarının alınması istiqamətində görülən işlərlə bağlı məlumat verib. Onun sözlərinə görə, ölkə rəhbərliyinin xüsusi diqqəti nəticəsində metrologiya sürətlə inkişaf etməkdədir: "Belə ki, son 5 il ərzində Komitədə Kütlə, Qüvvə və təzyiq, Elektrik kəmiyyətləri, Vaxt və tezlik, Temperatur, Sıxlıq və özlülük və Dozimetrik dövlət etalonları laboratoriyaları yaradılaraq milli etalon bazası formalaşıb. Beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişafı nəticəsində Azərbaycan 2007-ci ildən COOMET Regional Metrologiya Təşkilatında təmsil olunur".

Sonra COOMET-in vitse-prezidenti, TK 04 "İnformasiya və təlim" Texniki Komitəsinin sədri Pavel Neejmakov TK-nın son bir ildə gördüyü işlər barədə çıxış edib. İclasda TK-nın növbəti il üçün perspektiv planları, COOMET ilə Komitə yanında Dövlət Metrologiya Xidmətinin gələcək əməkdaşlıq əlaqələri, gənc metroloqların təcrübə mübadiləsi proqramlarında iştirakı və gündəlikdə duran digər məsələlər barədə məruzələr dinlənilib.

Bütün xəbərlər Facebook səhifəmizdə